Müəllif: Solmaz Rüstəmova Tohidi
Yüz ildən artıqdır ki, xalqımız işıqlı Novruz bayramımdan dərhal sonra tariximizin çox acı və kədərli səhifələrini – 1918-ci ilin kütləvi qırğınları – qeyd edir, o faciələrin qurbanı olmuş insanların xatirəsini anır, o ağır günləri yaşamış və bəzən birbaşa iştirakçısı olmuş tanınmış şəxsiyyətlərin mövqelərini araşdırıb qiymətləndirməyə çalışır. Bu mövzunun tədqiqatçılarından biri kimi həmin hadisələrə istər öz zamanında, istərsə də sonralar ziddiyyətli münasibəti ilə seçilən çox maraqlı və müəmmalı bir tarixi şəxs haqqında söhbət açmaq istərdim. 1918-ci il qırğınlarının yalnız sıravi vətəndaşların deyil, siyasi xadimlərin həyatında da dərin izlər buraxdığını, baxacağımız nümunədə hətta qara səhifələr yazdığını göstərməklə, bu “izlərin” həmin şəxsi ömrünün sonlarına qədər necə izlədiyini açıqlamaq söhbətimizin ən pik nöqtəsi olacaq. Haqqında danışacağımız şəxs, artıq sərlövhədən aydın olduğu kimi, Mir Cəfər Bağırovdur.
Mir Cəfər Bağırov 1918-ci il müsəlman əhalisinin kütləvi qırğınları zamanı harada idi ?
Azərbaycanın gələcək “Sahibi”, 20 il (1933-1953) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mir Cəfər Bağırov Qubada doğulmuşdu, burada oxumuş, işləmiş və karyerasının ilkin addımlarını da bu şəhərdə atmışdı. Odur ki, bir qubalı olmaqla, öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər halda 1918-ci ildə məhz Quba hadisələrinin kifayət qədər tanınmış iştirakçılarından biri kimi çıxış etmişdir. Lakin onun adı, gözlənilənin əksinə olaraq, Qubanın irticaya məruz qalmış və müdafiə olunmuş sakinləri, ya başçıları arasında deyil, işğalçı qüvvələr yanında çəkilir və beləliklə, dərhal öz kiçik vətənində qınaq mənbəyinə çevrilir. Belə ki, həmin hadisələri araşdırmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həm qubalılar, həm də Qubaya ilk daxil olmuş bolşevik dəstəsinin rəhbəri gürcü Gelovani tərəfindən Mir Cəfər Bağırov “bolşevik”, “qubalı qatı bolşevik”, “yerli bolşevik” kimi dəfələrlə xatırlanır.
Təbii ki, bu məqam öz “kadrlarının” keçmişinə çox ciddi yanaşan kommunist hakimiyyətinin diqqətindən yayındırıla bilməzdi və əksinə, onun vurğulanması gənc bolşevikin karyerasına birmənalı müsbət təsir göstərməli idi. Lakin faktın özü – həmyerlilərinin kütləvi qırğınlarında iştirakı, görünür ki, hətta öz zamanında Mir Cəfər Bağırov üçün həssas məsələ olmuşdur. Təsadüfi deyil ki, o, hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri bəraətləndirici tonda açıqlamağa çalışmışdır.
Əvvəlcədən vurğulayaq ki, Quba səhifələri Bağırovun tərcümeyi-halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında hətta dövrün ideologiyası baxımından belə “işıqlı”, yaxud “şərəfli” hesab edilə bilməz. Və sözsüz ki, Mir Cəfər Bağırovun özünün söz açdığı bir çox məqamlar həqiqətə, və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Lakin, onun bolşevik kimi siyasi karyerasının ilk dövrünün özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətdən uzaq detallarına varmadan, birmənalı vurğulanmalıdır ki, Quba hadisələri başlananda Mir Cəfər Bağırov artıq bolşeviklərlə birgə idi. Əgər həmin sənəddən, yəni Bağırovun özü tərəfindən yazılan tərcümeyi-halından çıxış edilərsə, Qubada hakimiyyətin, Gelovani başda olmaqla, ələ keçirilməsi cəhdinin təşəbbüskarı da az qala Bağırov olmuşdur.
Burada kiçik bir haşiyə çıxaraq həmin dövr Qubadakı vəziyyətə nəzər salaq. 1917-ci ilin fevralından, yəni Rusiya monarxiyası devriləndən sonra Quba Qəzası qəza komissarı Əli bəy Zizikski, eləcə də yerli icmaların (müsəlman, rus və yəhudi) nüfuzlu nümayəndələrindən ibarət idarəetmə qurumlarının hakimiyyəti altında idi və yalnız Zaqafqaziya hökumətini tanıyırdı. Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti təbii ki, bolşevikləri qəbul etməyən bu qəzadakı vəziyyətdən və onun müxtəlif bölgələrində (Xaçmaz, Dəvəçi, Qusar) çoxsaylı silahlı birləşmələrin olduğundan xəbərdar idi. 1918-ci ilin Mart hadisələrindən dərhal sonra Əli bəy Zizikskinin və dağıstanlı Nəcməddin Qosinskinin silahlı dəstələri hətta Bakının xilası üçün şəhərə yürüş etmiş və Xırdalan ətrafında bolşevik qüvvələri ilə döyüşlər aparırdı. Mir Cəfər Bağırov həmin dövrü nəzərdə tutaraq öz tərcümeyi-halında yazır:
“Mənim qarşımda nə olursa olsun Bakıya çatmaq, Quba qəzasında olan vəziyyəti təfsilatı ilə təsvir etmək və hakimiyyəti ələ keçirmək üçün sanksiya tələb etmək vəzifəsi dururdu, lakin bu vəzifə çox çətin idi və az qalmışdı ki, mən, bunun üçün həyatımla cavab verim. Onda mən, geriyə, Qubaya qayıtmaq və mərkəzin heç bir xəbəri olmadan, hakimiyyəti ələ keçirmək qərarına gəldim. Fikirləşdim ki, sonradan öz yoldaşlarım qarşısında məsuliyyət daşımaq Zizikskiyə və Qosinskiyə Bakıdan geri qayıdarkən Quba qəzasında öz mövqelərini möhkəmlətməyə imkan verməkdən daha yaxşıdır. Mən belə də etdim. Amma, elə həmin gün Bakıya teleqram vurdum və bu hadisə Bakı quberniyasında vətəndaş müharibəsinin ümumi gedişatına kömək etdi. Belə ki, Zizikski Quba qəzasında nəinki möhkəmlənə, hətta orada burnunu belə göstərə bilmədi və Qosinski ilə birlikdə Dağıstana qaçdı, orada yeni qüvvələr toplayaraq Qubaya may hücumuna hazırlaşmağa başladı. Bakı və Qızıl Burun arasında yol açılan kimi mən dərhal Georgiy Sturua, Artak (Stambulyants) və Barski yoldaşların şəxsində Bakı Qızıl qvardiyasının avanqardı ilə əlaqə saxladım və onlara hər şeyi olduğu kimi geniş təsvir etdim və onlar mənə məsləhət gördülər ki, Mərkəzin nümayəndəsi kimi Gelovani adlı bir nəfəri Quba qəzasına aparım”.
Bolşevik Mərkəzin Quba qəzası ilə bağlı siyasəti əvvəldən fərqli idi. Qəzada çox saylı hərbi dəstələr, xüsusilə döyüşkən ləzgi əhalisinin tam silahlı olması, Dağıstanın yaxınlığı bir tərəfdən, Bakı və Şamaxıdan fərqli olaraq Qubada azsaylı erməni əhalisinin bolşevik-erməni hərbi qüvvələrinə dəstək vermək qüdrətində olmadığı və, ümumən qəzanın poli-etnik tərkibi digər tərəfdən, Bakı Sovetini bu qəzanın sovetləşdilməsinin başqa yollarını axtarmağa sövq edirdi. Odur ki, Bakı XK Soveti qubalıları sülh yolu ilə ələ almağa qərar verir və bu məqsəd – bolşeviklərin hakimiyyətini könüllü tanımaq təklif-ultimatumunu çatdırmaq üçün Bakı bolşeviklərinin siyasi dairələrində tamamilə təsadüfi adam olan Gelovani adlı bir şəxs seçilir. 30 yaşlı, gürcü knyaz nəslindən, sosial-demokrat-menşevik, Moskva tibb institutunun keçmiş tələbəsi, siyasi məhbus kimi sürgündən azad olduqdan sonra Bakıya qohumlarının yanına gəlmiş və burada ilişib qalmış David Gelovani gürcü Caparidze vasitəsilə yenicə “milis müvəkkili” vəzifəsinə təyin edilmişdi və az sonra Xaçmaz dəmir yolu ilə hərəkət edən 2 minlik əsgər eşelonunun başında Qubaya göndərilir.
Qubalılar, sözsüz ki, Bakı və Şamaxıda baş verən qırğınlardan xəbərdar idilər. Bakıda erməni, o cümlədən yerli ermənilərin vəhşiliklərindən xilas olmuş bir çox qubalı ailələr Qubaya qayıtmış və çox mətləbləri yerlilərinə anlatmışdılar. Həmin hadisələrin Qubada təkrarının qarşısını almaq üçün burada hətta yerli erməni əhalisini “zərərsizləşdirmək”, digər tərəfdən də onların təhlükəsizliyini təmin etmək (erməni evlərinə hücumlar başlamışdı) məqsədilə bir qədər əcaib tədbirlər də görülmüşdü: erməni əhalisinin böyük hissəsi şəhər həbsxanasında yerləşdirilmişdi və qubalılar bu “məhbusları” yaxşıca yedirdir, qonşuları onlara baş çəkir, evlərindən və əmlaklarından muğayat olurdular. Aprelin əvvəllərində, kiçik hərbi qüvvə və köməkçisi M.C.Bağırov ilə Qubaya gələn Gelovani məhz bu şəraitlə üzləşir, şəhər əhalisinin kifayət qədər dinc rəftarı qarşısında erməniləri həbsxanadan buraxdırır, ultimatumunu təqdim edir və onun qəbulu üçün qubalılara 2 saat vaxt verir.
Bakı və Şamaxı hadisələrindən qorxmuş və “imtina edildiyi halda şəhər yerlə-yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat icazəsi olan qubalıların beynəlmiləl nümayəndə heyəti (müsəlman, rus, yəhudi), bununla belə Gelavani ilə danışıqlara girir, “bolşevik nəzəriyyəsini” öyrənmək və onun “özləri üçün nə qədər münasib olduğunu aydınlaşdırmaq” üçün izafə vaxt istəyir. Əvvəlcə bu xahişi anlaşıqlı qarşılayan Gelavaninin 2 gündən sonra hövsələsi tükənir, yerli sakinlərin bolşevik hakimiyyətini könüllü tanımasını gözləmədən 180 nəfər silahlı əsgərlə bir də şəhərə girib ultimatumunu təkrar edir. Qubalıların şahidliyinə görə, bu tələb-ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, qatı bolşevik” Mir Cəfər Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı.
Bu dəfə hansı cavab veriləcəyi şübhə doğurmur: ultimatum qəbul olunur və qubalılar düz 8 gün Sovet hakimiyyəti altında yaşayırlar. Bakı qəzetləri dərhal Quba şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyətinin elan olunduğunu və “zəhmətkeşlərin bu hadisəni böyük ruh yüksəkliyi ilə qarşıladığını” qeyd edirlər. Gelavani Qəza komissarı, M.C.Bağırov onun müavini təyin olunurlar. Bağırovun öz şəhadətinə görə, o, Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri-revkomlar təşkil edir, “normal qayda-qanun yaradır”, qəza idarələrini ələ keçirir, yerli Qızıl Qvardiya yaratmağa başlayır, Oqanezovun başçılıq etdiyi hərbi dəstələri qəzaya çağırtdırır.
Gelavani-Bağırovun başçılığı ilə Sovet hakimiyyətinin Qubada hələ nə qədər davam edə biləcəyini söyləmək mümkün deyil, çünki tarixən yaranmış ənənəyə uyğun olaraq, yenə də dağlılar – bu hakimiyyəti tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. 9-cu gün şəhərə silahlı hücum başlanır, Xaçmazdan gələn və yalnız ermənilərdən ibarət 150 nəfərlik “qırmızı” qüvvələrlə üç günlük şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin “ilk komandasını” Qubadan qovub çıxarır və beləliklə Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Mir Cəfər Bağırov da Gelavani ilə birlikdə Qubanı tərk edir.
Lakin burada bir məqama diqqət yetirilməlidir. Yekdilliklə şəhərə “qonşu kəndlərdən ləzgilərin” girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O, həm də 3 günlük döyüş ərzində həlak olanların sayı haqqında məlumat verir: “200-ə yaxın öldürülmüş döyüşçü və təxminən 1500-ə qədər doğranmış və çapılmış tamamilə günahsız dinc əhali (müsəlman, rus, erməni, yəhudi və sair)”. Bu rəqəmlər Quba şəhər başçısı Əli Abbas bəy Əlibəyovun göstərdiyi rəqəmlərdən çox fərqlənir: 200 nəfər ləzgi, 70 nəfər dinc əhali.
Şübhəsiz ki, M.C.Bağırov bundan sonra daha şəhərdə qala bilməzdi, həm də yalnız bu 8 günlük bolşevik hakimiyyətinə görə yox. Əgər onun tərcümeyi-halından çıxış edilərsə, 1917-ci ildən başlayaraq, ruhanilər də daxil olmaqla, Qubanın yerli elitası, guya ki, inqilabi fəaliyyətinə və bolşeviklərlə əlaqəsinə görə, ona elə də “hörmət etmirdilər”: “Məni kəndlilərin qarşısında Bakı ermənilərinin casusu, din və millət satqını kimi təsvir edərək, mənə qarşı vicdansızcasına təbliğat aparılırdı. İş o yerə çatmışdı ki, Qubanın ən nüfuzlu iki dini lideri Əbdül Rəhim Əfəndi və Hacı Molla Baba Axundov məni güllələmək əmri vermişdilər”.
Əgər bu sözlər həqiqətə uyğun idisə, Quba qəzasının dini rəhbərləri Bağırovu hələ çox əvvəl və başqa səbəbdən – I dünya müharibəsi “cəbhəsindən qayıtmış yəhudilərdən, qismən ruslardan, və bir neçə cinayətkar müsəlman ünsürlərdən” ibarət quldur dəstəsinin başında olmaqla, törətdiyi əməllərə görə “lənətləyə” bilərdilər. Bu dəstə ən əvvəl “keçmiş qəza siyasət idarəsinin cəbbəxanasını dağıdıb və bu yolla silah əldə edərək”, “imkan olan yerdə bəyləri və onların tərəfdarlarını öldürməklə” məşğul idi. M.C.Bağırov öz tərcümeyi-halında bu quldur dəstəsini “Quba qəzasının əksinqilabi elementləri ilə” mübarizə aparan “uçağan dəstəsi” adlandırırdı. Lakin, 1956-cı ildə M.C.Bağırovun məhkəməsi zamanı bu dəstə ilə bağlı əhvalat da ortaya çıxmışdı. İstintaq materialları ilə “sübuta yetirilirdi ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir aidiyyatı yox idi, əsl quldur dəstəsi idi. Bu bandit qrupuna Bağırov başçılıq edirdi”. M.C.Bağırov özü məhkəmədə həm cəbbəxanaya hücum faktını, həm də dəstə tərəfindən bəylərin və onların tərəfdarlarının öldürülməsi ittihamını rədd edirdi.
İstintaq materialları ilə M.C.Bağırovun bolşeviklərin partiyasına 1917-ci ildə daxil olması faktı da təkzib edilirdi. Əksinə, göstərilirdi ki, 1917-ci ilin fevral ayından sonra M.C.Bağırov Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin olunmuş və bu təyinat Quba qəzası administrasiyasının rəhbəri – qəza komissarı Əli bəy Zizikski tərəfindən edilmişdir. 1917-ci ilin may ayından noyabr ayınadək isə o, qəza komissarının, yəni elə həmin Ə.b.Zizikskinin köməkçisi işləmişdir.
Fevral inqilabının elə ilk günlərindən gənc xalq müəlliminin Qubanın yəhudilər yaşayan hissəsinin komissarı vəzifəsinə, yəni Quba qəzasının rəhbərləri sırasına irəli çəkilməsi, sözsüz ki, Ə.b.Zizikskinin Bağırova etimadlı münasibəti ilə izah olunurdu. Və bu dövrdə heç bir bolşevizmdən söhbət gedə bilməzdi. Görünür ki, məhz 1917-1918-ci illərin kəsiyində – Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə keçdikdə, M.C.Bağırov isə “Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin nümayəndəsi rolunu öz üzərinə götürdüyü” andan onların yolları ayrılır.
Buradan aydın olur ki, 1918-ci ilin aprel ayının ortalarında Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi.
Lakin hadisələrin sonrakı inkişafı M.C.Bağırovu yalnız bolşeviklərlə deyil, bu hökumətin qırmızı bayrağı altında çıxış edən daşnak-erməni millətçilərilə bir dəstəyə salacaq və yəqin ki, məhz bu zaman onun tərcümeyi-halında ən ləkəli səhifələr yazılacaq…
2. MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını
2. Qubada müsəlmanların soyqırımını kim dayandırıb?
Quba qəzasında Sovet hakimiyyətinin qurulması uğrunda ilk mübarizə 1918-ci ilin aprelində gürcü-menşevik knyazın və yerli müsəlman bolşevikin rəhbərliyi ilə erməni, bir neçə rus və yəhudi əsgərlərinin simasında “bolşevizm ideyası tərəfdarlarının” məğlubiyyəti ilə bitir. Lakin “vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, erməni dəstələrinin həmin döyüşlərdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi onunla “əlamətdar” olur ki, 2 yəhudi müstəntiqdən başqa, şəhərdəki rus məmurlarının hamısı və bütün ermənilər də onlarla birlikdə şəhəri tərk edir. Gelovaninin şəhadətinə görə erməni dəstəsinin başçısı – Ağacanyan Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri guya xilas etmək məqsədilə ev-ev toplayır və onları güllə qabağında şəhərdən çıxarırdı. Qaçqınların erməni əsgərlərdən ləzgilərə atəş atmamaq xahişinə baxmayaraq Ağacanyan atışmanı kəsmirdi. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla şəhərdən aparılan xristian əhalidən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri öldürülür. Məhz bu “erməni qurbanlarını” bəhanə edərək Amazaspın 3 minlik erməni cəza dəstələri az sonra şəhərə girəcək. Lakin qubalıların dinc yaşamaq üçün hələ iki həftə vaxt vardı. Bəs Mir Cəfər Bağırov bu iki həftədə harada idi?
Gelovani və erməni dəstələri ilə birlikdə Qubanı tərk edən M.C.Bağırov yazır: “…biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik… Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik… Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən Daşnaksütunun liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və Amazasp bəyan etdi ki, Mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.
Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, … mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir”.
Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur.
1918-ci ilin may ayının 1-də səhər, müsəlmanlara qarşı öz vəhşiliklərilə məşhur olan daşnaksakan Amazaspın rəhbərliyi altında yalnız ermənilərdən ibarət 3 minlik nizami dəstə Quba şəhərini mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutmağa başlayır. Şəhərin alınması, müsəlman əhalisinin qırğını müxtəlif cür zorakılıqlarla müşayiət olunur. Elə birinci gün əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilir, müsəlmanların əmlakı talan edilir. Qətllər və talanlar sonrakı günlər də davam edir.
Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə – yeni hakimiyyətin qurulması – yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyası daşıdığı heç kimdə şübhə doğurmurdu. Ermənilər küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırır, əvvəlcədən isə onların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Daha sonra evləri, bazarları, dükanları, anbarları və s. yandırırdılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalırdı. Şəhər rəisi Əli Abbas bəy Əlibəyov dəfələrlə meyitlərin dəfn edilməsi ilə bağlı müraciət etsə də, müsəlmanları bu yolla da cəzalandırmaq istəyən Amazaspdan rədd cavabı alırdı. Yalnız dördüncü gün, şəhəri üfunət iyi bürüməyə başlayanda erməni carçılar müsəlman kişiləri qollarına ağ sarğı bağlayaraq meyitləri basdırmağa çağırırlar. Şəhərin 60-dan çox sakini bu çağırışa cavab olaraq bayıra çıxır, lakin onların heç biri geri qayıtmadığından camaat yenidən gizlənir. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni hələ 6 gün də küçələrdə qalır.
Həmin günlər Quba camaatı dəfələrlə Mir Cəfər Bağırovu şəhərdə görür: gah onun mənzilində müsəlmanlar evlərinin yandırılmaması üçün erməni qoçularına haqq verirlər, gah “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.
Qubanın ictimai xadimlərinin apardığı hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə 4 milyon rubl nağd pul, 4 milyon yarım rubl dəyərində qızıl, zinyət əşyaları və qiymətli daşlar, 25 milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində 105 ev və tikili, həmçinin müsəlman idarələrinin yerləşdiyi binaları yandırmışdılar. Yanğınlar nəticəsində zərərçəkənlərə 100 milyon rubl həcmində ziyan vurulmuşdu.
Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda müsəlman və əslən qubalı olan Mir Cəfər Bağırov bu hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. Onun özü də tərcümeyi-halında belə bir etiraf edir: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.
Lakin Mir Cəfər Bağırovun Quba qırğınlarındakı iştirakı ilə bağlı ən maraqlı məqam bundan sonra başlayır. Az sonra bir daha Qubaya qayıdacaq və hadisələrə qatılacaq David Gelovani belə bir şəhadət edir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim”.
Mir Cəfər Bağırov öz tərcümeyi-halında D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini qeyd edir.
Beləliklə, Mir Cəfər Bağırovun “o dəhşətli mənzərənin” qarşısının alınmasında imkansız olsa da, heç olmasa dayandırılması üçün hər halda bir təşəbbüs-cəhd etdiyi və, ən başlıcası, bu cəhdin də baş tutduğu təsdiq olunur.
İkinci dəfə Qubaya gələn D.Gelovani “burada törətdiklərinə görə Amazaspı danlayır”:
“O, və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca mən də çıxıb getdim”.
Mir Cəfər Bağırov, vurduğu teleqram müqabilində yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı özünün mövqeyinin anlaşılacağı ümidi ilə bu dəfə şəhərdə qalır. Lakin, Amazasp Qubadan çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi belə lazım bilmir, əksinə, Bağırovu və onun adamlarından daha dörd nəfəri “qan tökülməsində iştirak etməkdə” günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün “gürcü” tərkibi ilə, Caparidze tərəfindən göndərilmiş, əsasən gürcü partiya işçiləri və zabitlərlə seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının Qusar bölgəsində olan Əli bəy Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır, lakin rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu zaman “gələcək taleyini gözləyən müttəhim kimi… nəzarət altında oturur və şəxsən Stepan Şaumyana ətraflı məktub yazır”.
Həbsdə olan Mir Cəfər Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya “Quba üzərinə hazırlanan yeni basqın haqqında məlumat alaraq”, Əli bəy Zizikskinin əlinə düşməmək üçün gizlicə Qubadan qaçmağa müvəffəq olur və Bakıya gəlir. Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.
Burada yəqin ki, Mir Cəfər Bağırovun bioqrafiyasının bilavasitə 1918-ci il Quba qırğınları ilə bağlı səhifələrini çevirmək olardı. Lakin bu hadisələrdə adları çəkilən daha iki şəxsin sonrakı taleyi və Bağırovun düz 30 ildən sonra özünün bu mövzuya qayıtması söhbətin davamını zəruri edir.
Qubanın sovetləşdirilməsinə yönəlik fəaliyyətində David Gelovani ilə kifayət qədər sıx əməkdaşlığına və hətta Amazaspın törətdiyi qırğınların qarşısını almaq üçün Bakıya, Caparidzeyə göndərdiyi teleqramda məhz bu şəxsin Qubaya qayıtması və qırğınlara son qoyması xahişinə baxmayaraq Mir Cəfər Bağırov öz tərcümeyi-halında Gelovani haqqında “sonradan təxribatçı çıxdı” yazır, lakin bu ciddi ittihamın səbəblərini açıqlamır.
Mümkündür ki, bu ittiham Gelovaninin ölkə ərazisində müsəlmanlara qarşı kütləvi qırğınların miqyasının və dəymiş ziyanın miqdarının araşdırılması, günahkarların cəzalandırılması məqsədilə Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ilin 15 iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ilə əməkdaşlıq etməsi ilə əlaqədar idi. Təsadüfi deyil ki, Bakı alındıqdan sonra şəhərdən qaçmamış Gelovaninin bir qədər dolaşıq və ziddiyyətli olsa da əks tərəfin nümayəndəsi kimi verdiyi ifadələrin istintaq üçün əhəmiyyətini, eləcə də hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmadığını nəzərə alan FTK müstəntiqləri onu “şahid” qismində dindirir və məsuliyyətə cəlb etmir. Gelovani 1919-cu ilin oktyabrına qədər Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində çalışır, lakin az sonra Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürülür. Qatil – erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən qaçmağa cəhd edərkən yaxınlıqda olan bir azərbaycanlı əsgər tərəfindən yaxalanır. Kifayət sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna, “barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına baxmayaraq S.Terunts sona qədər özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl səbəblərini açmaq mümkün olmur. İstintaqın Gelovaninin “Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı, S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli məhz siyasi motivlərə görə törədilmişdi. Görünür ki, erməni-daşnak tərəfi FTK ilə əməkdaşlığı ona bağışlamır.
Quba hadisələrində dəfələrlə adı çəkilən Əli bəy Zizikskinin sonrakı taleyində isə M.C.Bağırov birbaşa mühüm rol oynayır. Quba ictimaiyyətinin ən görkəmli xadimlərindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının fəal iştirakçısı, “İttihad” partiyasından Cümhuriyyət Parlamentinin üzvü Əli bəy Zizikski Azərbaycan sovetləşdirildikdən sonra İran Azərbaycanına, Ərdəbil şəhərinə köçmüşdü. Lakin, ilk himayəçisinin yaxşılıqlarını unutmadığındanmı, yaxud özünün Quba hadisələrindəki günahlarını hər halda yumaq, ya “yumşaltmaq” niyyəti iləmi, hər halda 1923-cü ildə M.C.Bağırov Əli bəy Zizikskiyə təminat-dəvətlə Vətənə qayıtmaq təklifi göndərir. Burada diqqətəlayiqdir ki, Əli bəy Zizikski öz həmyerlisinə inanaraq bu təklifi qəbul edir! Həmin dövr artıq Azərbaycan Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmiş Mir Cəfər Bağırov keçmiş rəisini və əslində siyasi rəqibini öz iş kabinetində, olduqca hörmətlə – Əli bəy Zizikskini kövrəltmək həddinə qədər – qarşılayır, ona leqallaşmaqda – üzə çıxmaqda və iş tapmaqda həqiqətən kömək edir. Zizikski Qubaya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun nəzarətdə saxlanılmasına və bəzən açıq təqib edilməsinə son qoyulmur. Bağırovun himayəsinə baxmayaraq, 1926-cı ilin dekabrında Mərkəzi hakimiyyətin “köhnələrə” qarşı növbəti kampaniyanın gedişində Zizikski həbs edilir. İstintaq orqanları onu bir sıra “yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı mübarizə, xaricdəki əksinqilabi və saxta pul kəsən təşkilatlarla əlaqələrdə ittiham etsələr də görünür ki, kifayət qədər sübutlar tapmırlar və il yarımdan sonra Zizikskinin 1918-ci il hadisələri zamanı fəaliyyəti də cinayət işinə əlavə edilir. Əli bəy ona qarşı irəli sürülən çoxsaylı ittihamların heç birində özünü müqəssir saymır, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan ümumiyyətlə imtina edir, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə aparır.
1928-ci il avqustun 2-də Ə.b.Zizikski “siyasi quldur” kimi ittiham olunur və “sosial müdafiənin ən yüksək cəzasına – güllələnməyə” məhkum edilir. Az.SSR təhlükəsizlik orqanları Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar. Bu vəsatətin Azərbaycan, Zaqafqaziya Federasiyası və Sovet İttifaqının dövlət strukturları tərəfindən təsdiqi bir ildən çox çəkir. Həmin vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hökmü 1929-cu il sentyabrında yerinə yetirilir.
Qeyd olunmalıdır ki, Mir Cəfər Bağırov bu vaxt artıq Azərbaycanda deyildi, 1927–1928-ci illərdə Tiflisdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışırdı. Ehtimal etmək olar ki, Azərbaycanda olsaydı belə Sovet hökumətinin cəza maşınının artıq güc topladığı bir şəraitdə artıq Əli bəy Zizikskini xilas etmək iqtidarında olmayacaqdı…
Amma 1940-cı illərin sonlarında bütün bu hadisələr artıq tamamilə başqa bir müstəvidə, həm də Mir Cəfər Bağırovun özü tərəfindən gündəmə gələcək və onun 1918-ci il hadisələri də daxil olmaqla erməni fitnələrinə münasibətini artıq tam açıq şəkildə açıqlamasını şərtləndirəcək…
3. Tarixi məsuliyyət və vicdan qarşısında
Mir Cəfər Bağırovun siyasi karyerasının yüksələn xətt üzrə inkişaf etdiyi və nəhayət 1932-cı ildə Azərbaycan KP MK-nın rəhbəri – respublikanın faktiki “Sahibi” – səviyyəsində öz pik həddinə çatdığı dövrdə və sonrakı illərdə 1918-ci ilin hadisələri artıq çoxdan “arzuolunmaz” mövzuya çevrilmişdi. Siyasi-tarixi ədəbiyyatda ara-sıra daşnak və müsavatçıların törətdiyi ənənəvi “vətəndaş müharibəsi” yozumu ilə xatırlansa da, Azərbaycan və erməni xalqları arasında “ömürlük” sülh, dostluq və hətta qardaşlıq “bərqərar” olmuşdu. Öz kiçik Vətəni ilə əlaqələrini çoxdan bərpa etmiş Mir Cəfər Bağırova da Qubada o qara günləri xatırlatmağa cürət edəcək adam tapmaq yəqin ki, mümkün olmazdı. Lakin yaddaşının hansısa bir guşəsində nə səbəbdənsə saxladığındanmı, ya başqa daha nədənsə… düz 30 ildən sonra gözlənilmədən Mir Cəfər Bağırov özü 1918-ci il Quba hadisələrini yenidən gündəmə gətirir.
1949-cu il 25-28 yanvar tarixlərində Bakıda Az.K(b)P-nın XVII qurultayı keçirilir və bu siyasi toplantıdakı yekun nitqində Azərbaycan partiya təşkilatının rəhbəri qurultay iştirakçılarının diqqətini bilavasitə “daşnakların” ölkənin – SSRİ-nin həm xaricində, həm daxilində “canlanması” faktına yönəldir. Və əgər “xaricdəki daşnakların antisovet fəaliyyətində” əsas yeri ərazi iddiaları – Sovet Ermənistanının ərazisinin əsasən Sovet Azərbaycanının, qismən də Sovet Gürcüstanının əraziləri hesabına artırmaq “tələbi” tuturdusa, ölkə daxilində bu məqam açıq-aydın Azərbaycan əleyhinə yönəlmiş kitab və yazıların nəşrində təzahür olunurdu.
“Xarici faktorla” – Azərbaycana qarşı yeni ərazi iddiaları ilə bağlı məsələdən aşağıda bəhs ediləcəyindən, burada hansı kitab və yazıların Mir Cəfər Bağırovu qurultay tribunasından danışmağa vadar etdiyinə nəzər salaq.
Məlum olur ki, “Azərbaycanın geniş ictimaiyyəti və partiya fəallarının hiddətinə səbəb olan” belə kitablardan biri – Georqiy Xolopovun (Xalapov-Xalapyan) yazdığı “Buxtanın işıqları” adlı romandır və M.C.Bağırov artıq bu kitabla əlaqədar birbaşa ÜK(b)P MK-nın katibi Q.İ.Malenkova məktubla müraciət etmişdir. Bu məktubunda Bağırov Bakı haqqında, Azərbaycanın paytaxtı haqqında roman yazan müəllifin Azərbaycan xalqını bilərəkdən tamamilə “kənara qoyduğunu”, azərbaycanlı obrazlarının isə “təxribatçı kimi təsvir olunduğunu” vurğulayır: “Romanda bir nəfər də müsbət azərbaycanlı, neft uğrunda mübarizə aparan əsl qəhrəman surəti yoxdur”.
Tanınmış Sovet dövlət xadimi, 1921-1926-cı illərdə Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Serqey Mironoviç Kirova həsr olunmuş bu əsərin mərkəzi qəhrəmanı isə Tiqran adlı bir şəxsdir: “Səfil, küçələrdə siqaret satan, ayaqqabı silən, meyxanalarda içki paylayan, gecə evlərinin, oğru yığıncaqlarının müştərisi olan bir şəxs Kirovla təsadüfü görüşdən dərhal sonra, elə ikinci günü onun sürücüsü, yaxın və inandığı adamı olur, müəllifin dili ilə desək, “Kirovun sevimlisi”nə çevrilir”.
Kitabın müəllifi – Şamaxıda doğulmuş və Bakıda yaşamış, erməni əsilli G.K.Xolopov 1930-cu ildə Leninqrada köçsə də, qohumlarına baş çəkmək və gələcək kitabı üçün material toplamaq məqsədilə mütəmadi olaraq Bakıya gəlirdi. Nəhayət, həmin kitab ərsəyə çıxanda məlum olur ki, qarşısına “S.M.Kirovun rəhbərliyi altında Azərbaycanda neft sənayesinin bərpa olunması prosesini işıqlandırmaq” məqsədi qoyulmuş bu əsər “Bakı neftçilərinin fədakar əməyindən bəhs edən səhnələrlə deyil, Bakıda Sovet hakimiyyətinin qurulduğu gün – 1920-ci il 28 aprel tarixində guya “qırğına” məruz qalmış Bakının erməni əhalisinin, o cümlədən Tiqranın iztirabları təsvir olunan epizodlarla zəngindir”.
Bağırov haqlı olaraq kitabda gətirilən bu cür səhnələri yalan və böhtan adlandırır, çünki, 1920-ci il aprelin 28-də baş verən hadisələr hamıya məlum idi və həmin gün milli zəmində iğtişaşlar, xüsusilə erməni əhalisinə qarşı “gözlənilən” hər hansı qırğınlar barədə danışmaq belə mənasız idi. Azərbaycanda hakimiyyət Cümhuriyyət Parlamenti tərəfindən azərbaycanlı kommunistlərə müəyyən şərtlərlə, lakin dinc yolla təhvil verilmişdi. Hələ bu hadisədən əvvəl suveren dövlət sayılan Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçən XI Qızıl Ordu artıq Bakıya gəlirdi, hakimiyyət dəyişikliyinin ertəsi günü isə Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, hərbçi və s. xadimlərinin, “Musavat”, “İttihad” və digər partiyaların üzvlərinin həbsləri başlamışdı.
Təsadüfü deyil ki, M.C.Bağırov Malenkova ünvanladığı məktubunda 1920-ci il deyil, 1918-ci il hadisələrini xatırlatmağı lazım bilir və göstərirdi ki, “romanda nəinki daşnakların milli qırğınların qızışdırılmasında oynadığı rol, onların 1918-ci il müdafiə xəttinin qırılmasına və ingilis imperialistlərinin şəhərə girməsinə gətirib çıxaran satqın əməlləri, Lalayev cəlladlarının timsalında 26 Bakı komissarlarına qanlı divan tutulmasında iştirakı ifşa edilmir, hətta bir dəfə də olsun “daşnak” sözü işlədilmir”.
Artıq bu sətirlər M.C.Bağırovun sadəcə bir kitabı və onun müəllifini hədəfə almadığını, ümumən, uzun illərdən bəri erməni-daşnak siyasi qüvvələri və onların havadarları tərəfindən Azərbaycana qarşı aparılan genişmiqyaslı və çoxşaxəli – silahlı münaqişədən tutmuş ideoloji-tarixi-ədəbi təxribatlara qədər – hücümları öz adıyla çağırmaq, bütün mümkün imkanlar çərçivəsində onların cavabını vermək və cəzalandırmaq məqsədini açıqlayır.
Xolopovun kitabının əsas təyinatını da məhz bunda – tarixin erməni-daşnak mövqelərdən təhrif edilməsində və saxtalaşdırılmasında görən Bağırov, müəllifin özünü və onun qəhrəmanı Tiqranı “yad, daşnak ideologiyasının ifadəçisi” adlandırır və bunun təsadüfü olmadığını hesab edir.
Kitab müəllifinin, həmçinin Tiqran surətinin prototipi olan Karapet Ayrapetov adlı birisinin tərcümeyi-halını aydınlaşan Azərbaycan rəhbərliyi müəyyən edir ki, Xolopov-Xalapyan ana tərəfdən tanınmış erməni ailəsi Lalayevlər – “erməni-azərbaycanlı qırğınlarının təşkilatçıları və iştirakçıları” ilə qohumdur. Dəqiq deyilərsə, o, 1918-ci ildə Bakıda və Şamaxıda kütləvi qırğınlar zamanı azərbaycanlı əhaliyə qarşı ağlasığmaz qəddarlığı ilə ad çıxarmış Stepan Lalayevin dayısı oğludur. (Stepan Lalayev sonradan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən öz cinayətlərinə görə həbs olunmuş və 1919-cu ilin noyabr ayında Gəncə həbsxanasında ölmüşdür).
Həmçinin məlum olur ki, Karapet Ayrapetov heç vaxt S.M.Kirovun sürücüsü olmamışdır. 1921-1926-cı illərdə, yəni Kirov Bakıya gələndən Leninqrada gedənədək onun yanında sürücü işləmiş K.A.Vasilenko adlı bir şəxsin dul qadını Mariya Vasilenko bu haqda həyəcanla xəbər verərək bildirirdi ki, “yalançı sürücü” əhvalatını o, Karapet Ayrapetovun özündən eşitmişdir. Belə ki, Karapet iki dəfə onun mənzilinə gəlmiş və qadından xahiş etmişdir ki, əgər onu çağırıb soruşsalar, qadın Ayrapetovun Kirovun sürücüsü olduğunu təsdiq etsin. Bu zaman Ayrapetov onun ərinin divardakı şəklini öpərək, boynuna almışdır ki, onun tərcümeyi-halı ilə maraqlanan orqanlara yalan deyib.
Karapet Ayrapetovun əsl tərcümeyi-halından isə görünürdü ki, o heç vaxt Kirovun maşınını sürməmiş, sadəcə onun sürücüsü Vasilenkonun köməkçisi işləmişdir, yəni Az.K(b)P MK qarajında maşına baxmış, onu yalnız yuyub təmizləmişdir. Ali rəhbər şəxsin təhlükəsizliyi baxımından isə sürücünün şəxsiyyəti məsələsi o qədər ciddi idi və xüsusilə “Kirov öz “Kadillak”ını o dərəcədə qoruyurdu” ki, Vasilenko xəstə olanda belə “işə ya tramvayda gedir, yaxud da partiyanın Mərkəzi Komitəsindən başqa maşın çağırtdırırdı”.
Respublikanın rəhbəri ilə heç bir təmasda olmayan maşın yuyucusu, təbii ki, bu tarixi şəxsə həsr edilmiş kitabın əsas qəhrəmanlarından biri ola bilməzdi. Həm də burada qondarma tərcümeyi-halın Karapetin özü tərəfindən uydurulduğunun, yaxud həmin obrazın üzərinə qoyulmuş ideya yükünü çatdırmaq üçün erməni yazıçısı tərəfindən Kirovun “sürücüsü təyin edildiyinin” artıq elə bir əhəmiyyəti yox idi. Lakin M.C.Bağırov Tiqran surətinin prototipinin şəxsiyyətinə ciddi yanaşmaq qərarı verir və K.Ayrapetovun tərcümeyi-halı əlaqədar orqanlar tərəfindən diqqətlə araşdırıldıqdan sonra o dövrün meyarlarına görə kifayət qədər “şübhəli” görünür. Məlum olur ki, Ayrapetov 1918-ci ildə “Sentrokaspi” hökumətinin, sonra polkovnik Biçeraxovun qoşunlarında xidmət etmiş, Cümhuriyyət dövrü isə maşınla türk zabitlərini gəzdirmişdir. Belə tərcümeyi-halın sahibi respublika kommunistlərinin rəhbəri S.M.Kirovun sürücüsünün prototipi ola bilərdimi…
Lakin bütün bu məqamlar, görünür ki, kitabın müəllifi Xolopovu narahat etmirdi. Bundan əlavə, Sovet Rusiyasının, o cümlədən Xolopovun yaşadığı Leninqradın yazıçı təşkilatları onu öz himayələri altına alırlar. Moskvanın mərkəzi ədəbi qəzet və jurnallarının səhifələrində həmin əsər haqqında müsbət rəylər dərc olunur. Azərbaycan Yazıçılar İttifaqından Moskvaya, SSRİ Yazıçılar İttifaqına, eləcə də bir sıra mərkəzi qəzet və jurnalların redaksiyalarına göndərilən etiraz məktubları, həmçinin, həmin kitabla bağlı mənfi rəylərin dərc olunduğu respublika mətbuatından nümunələr cavabsız qalır. Mərkəzi mətbuat azərbaycanlı tənqidçi Mikayıl Rəfilinin Xolopovun kitabı haqqında tənqidi resenziyasını dərc etmir. Moskvada bununla kifayətlənirlər ki, müəllif “Kirov obrazının yaradılmasında heç bir təhrifə yol verməmişdir”. Bütün digər məsələlərə isə tam etinasızlıq göstərilir.
Mümkündür ki, məhz bu vəziyyət M.C.Bağırovu həmin məsələni ən yüksək tribunadan – respublika kommunist partiyasının qurultayı kürsüsündən səsləndirməyə vadar edir. Bu qərarın verilməsinə həmçinin Stepan Şaumyanın oğullarının – Levon və Serqeyın bəzi hərəkətləri də həlledici təsir göstərir. Məlum olur ki, Levon Şaumyan mərkəzi “Literaturnaya qazeta”da 26 Bakı Komissarlarının güllələnməsinin 30 illiyi münasibəti ilə yazdığı məqalədə “Əzizbəyovun familiyasını silmişdir” və bu, o zaman edilir ki, “yoldaş Stalin özünün bütün çıxışlarında Əzizbəyovun soyadını birinci çəkir, çünki söhbət Bakı komissarlarından gedir, Azərbaycandan gedir”.
“Ən birinci komissarın” o biri oğlu – Serqey Şaumyan isə Bakıya gələrək Avakyans adlı bir “daşnakla” “Şaumyan – tənqidçi və polemikaçı” mövzusunda kitab yazmaq barədə danışıqlar aparmışdır. Bağırovun ciddi narazılığına səbəb olmuş bu faktlar da qurultay zamanı səsləndirilərək geniş ictimaiyyətə çatdırılır.
Diqqətəlayiqdir ki, Bağırov öz çıxışında demək olar ki, “erməni” sözü, yaxud “erməni-daşnak” ifadəsini işlətməyərək yalnız “daşnak” sözünü vurğulayır ki, bu da o dövr həmin məsələlərdə son dərəcə diqqətli və ehtiyatlı olmaq tələbindən irəli gəlirdi, hərçənd bu tənqidin əsl mahiyyəti və onun kimə ünvanlandığı bütün qurultay iştirakçılarına aydın idi.
M.C.Bağırovun respublikanın ali partiya yığıncağının tribunasından Azərbaycan kommunistlərinin rəhbəri kimi özünün yekun nitqində ayrıca götürülmüş bir ədəbi əsərə bu qədər geniş, sərt və kəskin münasibət bildirməyinin daha bir səbəbi var idi.
II dünya müharibəsindən sonrakı illər Azərbaycan xalqına qarşı torpaq iddiaları və azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılması ilə müşayiət olunan yeni irimiqyaslı erməni təcavüzünün başlanması ilə səciyyələnirdi və bu dəfə də onların müdafiəçisi qismində Sovet rəhbərliyi çıxış edirdi. Həmin qurultaydan demək olar ki, bir il əvvəl xaricdəki ermənilərin guya öz “tarixi vətənlərinə” köçürülməsi bəhanəsi altında 1918-ci ildə Ermənistan Respublikasına güzəşt edilmiş və sonralar Ermənistan SSR tərkibinə qatılmış Azərbaycan ərazilərindən 130 min nəfərədək azərbaycanlı əhalinin deportasiyasına – Azərbaycan SSR-ə köçürülməsinə başlanmışdı. Sovet rəhbərliyi bu köçürülməni “hər iki respublikada baş verən təsərrüfat dəyişiklikləri ilə” əsaslandırmağa çalışsa da, bununla belə etiraf edilirdi ki, “azərbaycanlı əhali köçürüləndən sonra boşaldılmış torpaqlar və yaşayış məskənləri Ermənistana gələn xarici erməni kəndlilərin yerləşdirilməsi üçün istifadə oluna bilər”.
Bundan bir qədər əvvəl isə Bağırov böyük çətinliklə, uğurlu bir fənd işlətməklə ermənilərin Dağlıq Qarabağa yeni iddialarının qarşısını ala bilmişdi. 1945-ci ilin payızında Ermənistan K(b)P MK birinci katibi Arutinov ÜK(b)P MK qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin maraqları baxımından həmin vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı. Məktub öz fikrini bildirmək üçün M.C.Bağırova göndərilmişdi. Bağırov Arutinovun gətirdiyi dəlillərin hamısını təkzib etsə də, onun kimin icazəsi ilə hərəkət etdiyini anlayırdı. Odur ki, Arutinovun bu təklifi ilə yalnız bir şərt – Ermənistan SSR-in azərbaycanlı əhali yaşayan üç rayonunun da Azərbaycan SSR tərkibinə verilməsi – müqabilində razı olduğunu bildirmiş, həmçinin Şuşa rayonunun Ermənistana verilməsinə etiraz etmişdi. Bundan sonra Sovet rəhbərliyi bir daha həmin məsələyə qayıtmamışdı.
Lakin ermənilərin bu və ya digər formada təxribatları davam edirdi. Yuxarıda göstərilən siyasi xarakterli misallardan əlavə həmin illər erməni müəllifləri tərəfindən istər Ermənistanda, istərsə də mərkəzdə nəşr olunan elmi ədəbiyyatda və dövrü mətbuatda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətinin təhrif edilməsinə dair onlarla nümunələr gətirmək olardı ki, bu da respublika ictimaiyyətində, həmçinin partiya rəhbərliyində haqlı olaraq kəskin etiraz və narazılıq doğururdu. Xolopov-Xalapyanın kitabı belə nümunələrdən yalnız biri idi. Lakin görünür ki, bu əsərin yaxın keçmişdə baş vermiş hadisələrlə və rus əsilli Sovet rəhbərinin adı ilə birbaşa əlaqəsi Bağırovu məhz bu kitaba ciddi diqqət yetirməyə və bu nümunədə erməni millətçiliyinin yeni forma və təzahürlərdə əks olunan təcavüzkar xarakterini ölkə rəhbərliyinin nəzərinə çatdırmağa sövq edir:
“Xolopov kitab yazıb. Həm də çox xarakterikdir ki, onun kitabında “daşnak” sözü yoxdur, onun kitabında “daşnak” sözünü tapa bilməzsiniz. Kitabı Karapet Ayrapetov adlı birisinin sözlərindən yazıb. Orada Tiqran qəhrəman kimi verilir” – M.C.Bağırovun çıxışındakı bu cümlələr özlüyündə onların hansı emosional həddə deyildiyini büruzə verirdi: “Müəllif göstərir ki, Kirov səfilin birini öz himayəsinə alıb, halbuki Dövlət arxivinin sənədlərindən görünür ki, bu səfil, 1895-ci il təvəllüdlü, keçmiş müharibə iştirakçısı, sonra daşnak, daha sonra “Sentrokaspi” hökumətinin ordularında xidmət edib, “Sentrokaspi” dağılandan sonra Biçeraxovla çıxıb gedib. Bax bu aşkar düşmənin, əlində silah Sovet hakimiyyətinə qarşı vuruşan, sonra təsadüfən il yarım Mərkəzi Komitənin qarajında işə düzələrək maşın yuyan adamın sözləri əsasında müəllif Kirov haqqında kitab yazır”.
Qurultaydakı çıxışında ən kəskin ifadələrdən çəkinməyən Bağırov: “O, kitabı Kirov haqqında yazmayıb, o, kitabı xüsusi tapşırıqla, daşnaklara bəraət qazandırmaq və başqalarına iftira yaxmaq üçün yazıb…” – kimi nəticə alır və Xolopovu – SSRİ Yazıçılar İttifaqının üzvünü, tanınmış sovet yazıçıları N.Tixonov və D.Zaslavski tərəfindən mərkəzi mətbuatın səhifələrində müdafiə olunan bir adamı “daşnakların sonbeşiyi – sonuncu tərəfdarı” adlandırır. Diqqətəlayiqdir ki, bu zaman bir daha 1918-ci il qırğınlarının baş “qəhrəmanı” Stepan Lalayev xatırlanır: “vaxtilə Şamaxını məhv etmiş, Kürdəmirdə qırğınlar törətmiş məşhur Lalayevlərin” bu qohumunun onu heç kəsin tanımadığı Leninqradda özünə yer etdiyini vurğulayır.
Burada əvvəlcədən qeyd edək ki, M.C.Bağırovun Azərbaycan kommunistlərinin qurultayındakı yekun çıxışının mətni, digər sənədlər və şəxsən Stalinə ünvanlanmış məktubla birlikdə Moskvaya göndərilir və son nəticədə Bağırov “Buxtada işıqlar” kitabı haqqında məsələnin ÜK(b)P MK-da qoyulmasına nail olur.
Lakin Mir Cəfər Bağırovun Azərbaycan Kommunist Partiyasının XVII qurultayındakı bu çıxışının əhəmiyyəti yalnız ölkə rəhbərliyinin diqqətinin “bu zərərli kitaba” və onunla bağlı məsələlərə cəlb edilməsi ilə məhdudlaşmır.
Bilavasitə 1918-ci il hadisələrinə toxunan Bağırov öz nitqində rəsmi “vətəndaş müharibəsi” tezisini əsas tutsa da, bu məsələdə daha dərinə gedir: “1918-ci ildə Bakı Xalq Komissarları Şurasındakı bəzi yoldaşların buraxdığı səhvlərdən məharətlə yararlanan daşnaklar və müsavatçılar, xüsusilə daşnaklar, bu məqamdan istifadə edərək bəzi yerlərdə vətəndaş müharibəsini əslində milli vuruşa çevirdilər, milli qırğınlar təşkil etdilər”.
Burada xüsusi qeyd edilməlidir ki, N.Nərimanovun 1923-cü ildə dövrün partiya xadimlərinə ünvanlanan və uzun onilliklər “məxfi” qalan məlum məktubu istisna olmaqla, 1918-ci il hadisələri yalnız daxili yazışmalarda deyil, ilk dəfə olaraq yüksək qurultay tribunasından, ali mənsəb partiya xadiminin dilindən “səhvlər buraxmış” bolşevik hökumətinin “yol verməsi” nəticəsində erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi MİLLİ QIRĞIN kimi səciyyələndirilirdi.
Lakin Bağırov bununla da kifayətlənmir və mövzunu burada bitirmək mümkün olduğu halda sözünə davam edir: “Amazasp, Abram Velunts, polkovnik Avetisov – axı bunlar Sovet hakimiyyətinin tərəfində deyildilər. Mən özüm şahidəm, mən, təəssüf ki, həmin hadisələrin iştirakçısıyam, bəzi yoldaşların təklifi ilə mən Amazaspın dəstəsində nümayəndə idim və görürdüm ki, onlar Qubada nələr edirlər, hələ Şamaxı və s. barədə danışmıram…”
Beləliklə, yalnız 30 ildən sonra, nəhayət ki, azərbaycanlı bolşevik Bağırovun simasında Sovet dövləti və onun ideologiyasının təmsilçisi partiya qurultayının ali kürsüsindən, “ən layiqli kommunist nümayəndələr” qarşısında elan edir ki, 1918-ci il Quba hadisələrinin qəzada Sovet hakimiyyətinin qurulması ilə heç bir əlaqəsi yox idi və “Qızıl Ordunun” komandirləri, başda Amazasp olmaqla, Qubada tamamilə başqa bir tapşırığı həyata keçirirdilər.
Və nəhayət, 30 il keçdikdən sonra belə, Mir Cəfər Bağırov yüksək tribunadan, özünün partiya yoldaşları qarşısında 1918-ci il Quba hadisələrin iştirakçısı olduğuna görə təəssüfünü açıq surətdə etiraf edir! Bu etiraf əslində öz dövrü üçün ən yüksək mənsəb və nüfuz sahibi olmasına rəğmən, bir tarixi Şəxsiyyətin istər tarix, istərsə öz vicdanı qarşısında məsuliyyətini anladığının təsdiqi idi. Məhz belə anlar və etiraflar hakimiyyət sınağı ilə üzləşmiş və bu sınaqdan heç də həmişə açıq alınla çıxmamış siyasət və dövlət xadimlərini bütün xidmətləri və antı-xidmətləri ilə birlikdə yalnız tarixdən deyil, öz xalqından da qiymət gözləyən Böyük Şəxsiyyət edir.