Author Archives: samirkuman

Şərqi Aralıq Dənizi Regionunda Maraqlar Toqquşması

Şərqi Aralıq dənizi 2020-ci ilin yay aylarında dünya siyasətinin qaynar coğrafiyalarından birinə çevrildi. Buna səbəb regionun enerji ehtiyatlarına nəzarət uğrunda bölgə güclərinin aralarındakı, xüsusilə, həmin ölkələrin Türkiyə ilə anlaşmazlıqları və Türkiyənin öz maraqlarını güc nümayiş etdirməklə müdafiə etməsi oldu. Belə ki, avqust ayının 10-da Türkiyənin seysmik araşdırma gəmisi Oruc rəis gəmisini hərbi gəmilərlə Aralıq dənizinə göndərməsi krizi daha da alovlandırdı və müharibə təhlükəsi yaratdı.

Kipr Respublikası (Yunan Kipri), Yunanıstan, Livan, İsrail, Misir, Suriya kimi ölkələrin Türkiyə ilə münasibətləri müxtəlif səbəblərdən uzun müddətdir ki, pisləşib və onlar öz aralarında dəniz sərhədlərinin bölünməsi haqqında müqavilələr imzalayıblar.

Dəniz hüququnun əsas mənbəyi olan Dəniz hüququ üzrə BMT Konvensiyası 1982-ci il oktyabrın 10-da qəbul edildi və l994-cü il noyabrın 16-da qüvvəyə mindi[i]. Lakin bu konvensiya Türkiyə tərəfindən imzalanmayıb, Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsində ikitərəfli müqavilələrə və beynəlxalq adət hüququna üstünlük verir. Türkiyənin Şərqi Aralıq dənizində həmsərhəd olduğu ölkələrlə münasibətləri yaxşı deyil. Əvvəllər dost münasibətlərinin olduğu İsraillə Qəzza problemi, Mavi Mərmərə krizi ilə bağlı münasibətləri korlanmış, normallaşma istiqamətində atılmış addımlar hələlik müsbət nəticələnməmişdir. Türkiyə rəhbərliyi Misirdə 2013-cü il dövlət çevrilişini qəbul etmədiyi və Mursini dəstəklədiyi üçün Misirlə də münasibətlər pozulmuşdur.

Yunanıstanla mövcud olan tarixi düşmənçilik və rəqabət, Egey dənizi adaları və Kiprin statusu məsələsi iki ölkə arasında qalıcı problemlərdəndir. Yunanıstanla dəniz sərhədlərinin müəyyənləşməsindəki əsas çətinlik Egey dənizindəki adalarla bağlıdır. Dəniz hüququ üzrə BMT Konvensiyasına görə, ölkələrin sahilində ərazi dənizi (12 dəniz mili), Müstəsna İqtisadi Zona (Müstəsna iqtisadi zona – ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonu) və Kontinental şelf (sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki) dövlətin suverenliyi və üstünlüyü qəbul edilən bölgələrdir. Lakin Türkiyə konvensiyanı imzalamadığı üçün Yunanıstan və Türkiyə arasındakı status-kvoya görə ərazi dənizi 6 mil hesablanır. Bu hesaba görə, Egey dənizinin 8.8%-i Türkiyənin, 35%-i Yunanıstanın, 56.2%-i isə açıq dənizin payına düşür. Əgər yunanların tələb etdiyi kimi ərazi dənizi 12 mil hesablanarsa, açıq dəniz ərazisi 26%-ə düşərkən, Türkiyə ilə Yunanıstanın payı müvafiq olaraq 10% və 63.9%-ə qalxacaq və beləliklə, Egey dənizi tamamilə Yunanıstanın daxili dənizinə çevrilə bilər.[ii]

Maraqlıdır ki, Yunanıstan Türkiyəyə münasibətdə müstəsna iqtisadi zona tələblərini digər ölkələrə münasibətdə fərqli tətbiq edə bilir. 2020-ci il 9 iyunda Yunanıstan və İtaliya İoniya dənizində sərhədlərin müəyyənləşdirilməsinə dair müqavilə bağlayarkən, Yunanıstan adaların tam Müstəsna iqtisadi zonaya malik olması tələbində israr etmədi.[iii]        

Yunanıstan Dəniz Hüququ üzrə BMT Konvensiyasını qəbul etsə də, Beynəlxalq Ədalət Məhkəməsinin oxşar problemlər üzrə presedentlərini qəbul etmir. O, AB tərəfindən qeyri-rəsmi qəbul edilmiş Dəniz sərhədlərinin delimitasiyasını göstərən Sevilya xəritəsini əsas götürür.[iv] Həm ABŞ-ın Türkiyə səfirliyi, həm də Aİ Komissiyası bu xəritənin hüquqi qüvvəsinin olmadığını bildirir.[v]

Türkiyə isə dünyada oxşar problemlərin həll edildiyi məhkəmə qərarlarına əsaslanaraq, adaların müstəsna iqtisadi zona və kontinental şelf hüququnun olmadığını bildirir.

Türkiyənin geosiyasi güc olmaq yolunda addımlarını bölgə ölkələri təhlükə olaraq görürlər və qarşılıqlı müqavilələrlə Türkiyəni bölgədən sıxışdırmağa çalışırlar. Türkiyə də bu kontekstdə 2019-cu ilin noyabrında Liviya Milli Razılıq Hökuməti ilə (prezident Sərac) sərhədlərin müəyyənləşdirilməsi barədə razılıq əldə etdi. Bu müqavilənin yunan adalarının müstəsna iqtisadi zona hesab edilən əraziləri və Sevilya xəritəsini nəzərə almaması Aralıq dənizində “suların isinməsinə” səbəb oldu.

Region ölkələrindən başqa ABŞ, Rusiya, AB, Çin kimi ölkələrdə Şərqi Aralıq dənizində geosiyasi və geoiqtisadi maraqlar güdürlər.

Şərqi Aralıq dənizi bölgəsinin enerji resursları

Şərqi Aralıq dənizində nəhəng qaz yataqlarının aşkarlanması bölgə uğrunda rəqabəti xüsusilə kəskinləşdirdi. Qaz yataqlarından biri və ən böyüyü Misir sahillərində 2015-ci ildə İtaliyanın ENİ şirkətinin aşkarladığı Zohr (850 milyard kub metr) yatağıdır. Bu yataq Misirə bölgədə enerji mərkəzi olmağa və ixracatçıya çevrilməyə imkan verir. Bundan əlavə Misir Yaxın Şərqdə ən yaxşı qaz infrastrukturuna sahib ölkə hesab olunur və Süveyş kanalı enerjinin ixracı üçün əla imkan yaradır.

Kipr də qaz yataqları axtarışında aktivdir. 2011-ci ildə kəşf edilmiş Afrodita yatağı ilə birlikdə 2018 və 2019-cu illərdə Eni şirkətinin kəşf etdiyi Kalipso və Ekzon Mobilin aşkarladığı Glaucus yatağı qazla zəngindir. Lakin məlum olduğu kimi 1974-cü ildən bəri Kipr bölünmüş vəziyyətdədir. Kiprin şimalında yalnız Türkiyə tərəfindən rəsmi tanınmış və müdafiə edilən Şimali Kipr Türk Cümhuriyyəti və cənubunda Türkiyənin tanımadığı Kipr Respublikası mövcuddur. Bu vəziyyətdə hər iki respublika dənizdə aşkarlanmış qaz yataqlarına iddia edirlər. Türkiyə Kipr və Yunanıstanın, habelə digər bölgə ölkələrinin Türkiyəni baypass edərək Avropaya qaz nəqli proyektinə cavab olaraq, Kipr sahillərinə hərbi gəminin müşayiəti ilə kəşfiyyat qazma gəmisi göndərir.

İsrailin son 20 ildə qaz yataqları (Leviatan 620 milyard kub metr və Tamar 280 milyard kub metr) aşkarlamasından başqa Türkiyə üçün narahatlıq doğuracaq əsas faktor 2018-ci ildə Kipr və Yunanıstanla hərbi əməkdaşlığı gücləndirməsi[vi], Kritdən keçməklə Kipr və İsrail qazının Avropaya nəqlinin rentabelliyinin araşdırılması barədə razılaşma əldə etməsidir[vii].  Lakin bu layihə olduqca bahalı və riskli layihədir. İstər təbii qazın qiymətlərindəki dəyişiklik, istər İsrail qazının istehsalının baha başa gəlməsi, istərsə də ABŞ, Qatar, Avstraliya, Rusiya, Kanada tərəfindən maye qaz təklifindəki artım bu layihədəki risk faktorunu artırır.

Qeyd etmək lazımdır ki, Avropaya Şərqi Aralıq dənizindən qaz kəmərinin çəkilməsi Rusiyanı da narahat etməyə bilməz. Rusiya Aralıq dənizində problemin həlli üçün tərəflər arasında vasitəçilik təklifini irəli sürüb. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması bu kontekstdə digər maraqlı tərəflərin narazılığına səbəb olur. Bu mübarizədə Yunanıstan Fransa və İtaliya tərəfindən dəstəklənir. Lakin həm Yunanıstan, həm də Türkiyənin NATO üzvü olması işləri daha da mürəkkəbləşdirir.

 Sentyabrın 13-də Oruc rəis gəmisinin Antalya limanına çəkilməsi problemlə bağlı dialoqa başlanılması üçün ümidlər yaradır. Lakin Egey dənizində Türkiyə üçün əlverişsiz vəziyyət gələcəkdə bu problemin dəfələrlə qalxacağını proqnozlaşdırmağa imkan verir. Türkiyənin 2, Yunanıstanın 580 kilometrliyində olan Meis (yun. Kastellorizo) adası bu ədalətsiz vəziyyəti simvolik olaraq göstərir.


[i] Hüseynov L. Beynəlxalq Hüquq, Qanun Nəşriyyatı, 2012

[ii] Davutoğlu A. Stratejik derinlik: Türkiyenin uluslararası konumu, Küre yayınları, 2001. S. 172

[iii] Acer Y. Yunanistan’in adalara dair hukuksal çelişkileri: Yunanistan-Italya deniz sınırı antlaşması örneği, SETA Analiz, 2020 avqust, 329-cu sayı

[iv] Sevilya xəritəsi, 2000-ci illərin əvvəlində Sevilya Universitetinden Juan Luis Suárez de Vivero və Juan Carlos Rodríguez Mateos tərəfindən Avropa İttifaqının tələbi ilə Türkiyə, Yunanıstan və Kipr arasındakı Şərqi Aralıq dənizindəki Müstəsna İqtisadi Zona anlaşmazlığının həlli üçün hazırlanmış xəritə

[v] https://www.bbc.com/turkce/haberler-dunya-54244760 22.09.2020-ci ildə baxılıb.

[vi] https://www.ynetnews.com/articles/0,7340,L-5293828,00.html 13.09.2020-ci ildə baxılıb.

[vii] https://www.timesofisrael.com/israel-cyprus-greece-italy-said-to-agree-on-east-med-gas-pipeline-to-europe/#gs.g16ukk 13.09.2020-ci ildə baxılıb.

Parlamentin yüz qırx beşinci son iclası

Parlamentin yüz qırx beşinci son iclası
27 aprel 1920-ci il
Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. 27 aprel 1920-ci il.

Saat 20 dəqiqə 45.

Azərbaycan Parlamentinin bu stenoqramması dövlət arxivində saxlanılmadığından, o, mərhum akademik Ziya Bünyadovun Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin arxivindən götürərək, “Elm” qəzetində çap etdirdiyi nüsxə əsasında dərc olunur.
Sədr – Məhəmməd Yusif Cəfərov. Katib – Rza bəy Qaraşarlı.
Sədr – Fövqəladə iclas açıq elan edilir. İntixab olunan seçilmiş komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim.
Səslər – Açıq olsun… bağlı olsun… açıq olsun.
Sədr – Bəlkə bir şəxs bu haqda danışmaq istəyir?
Sözü Məhəmməd Əmin Rəsulzadə alır — Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.
(Şəfi bəy Rüstəmbəyov, “Azərbaycan” qəzetinin redaktoru ağlayır).
Səslər.
Sədr – Təklifi rəyə qoyuram. Kim iclasın açıq keçirilməsinin əleyhinədir əl qaldırsın.
Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındı. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verir.
M. H. Hacınski – Cənablar! Vəziyyət hamıya məlumdur və bu barədə danışmaq istəmirəm. Bir komissiya təşkil olunmuşdur və mən onun sədriyəm. Arkadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan “Azərbaycan kommunist” firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram. (Rusca oxuyur).
Tərcümə etmək lazımdır ki, müxtəsər tərcümə edirəm. Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: – əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət
göstərəcəklər. Onlara qarşı və xüsusən, hökuməti üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra gələn Qızıl Ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi.
Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi
qəbul olunmasa gələcəkdə məsuliyyət Parlament üzvlərinin üzərinə düşəcək.
Onların təklifi onlarla birlikdə müzakirədən sonra, komissiya üzvləri tərəfindən də
müzakirə olundu. Biz də qərara gəldik ki, o şərtlər ki, onlar qoyur və deklarasiyanın özü komissiya tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyildik və bizim də məqsədimiz budur. O ki qaldı dedikləri sözlərin doğru olub olmamasına, bunu onların görəcəyi iş göstərir və bunun məsuliyyəti də həmin təklifi verən firqənin üzərinə düşür. Əgər bu gün onlar millətimizin və göndlilərimizin lazım olduğu qədər hazır olmadıqlarından dolayı, müşgül bir müdafiə vəziyyətində qalarlarsa, biz öz məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq. Zənn edirəm ki, başqa firqələr də millətin müqəddəratını bizlə bərabər həll etməlidirlər və bunu onlar da inkar etməzlər. Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik.
Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq
buraxılmışdır. Bununla belə ictimaiyyətin fikrilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və Azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz.
Cənablar, bu firqə münaqişələri sonu görünməyən mübahisələrə çevrilib.
Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq
olar və onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən
azad etməkdir. Əgər məqsəd budursa, Şimaldan gələn qüvvələrin təzyiqi altında
hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik.
Bu fikirə qarşı cümhuriyyət daxilində zidd çıxan olmaz. Əslində Türkiyəyə və Zəngəzura kömək etmək istəyənlər ictimaiyyət arasında elə bir fikir yaratmalıdırlar ki, bu qüvvələr Azərbaycana yalnız onun ərazisindən keçib Türkiyəyə getmək üçün daxil olurlar.
Fəqət, millətin müqəddaratını bir firqəyə, hətta təzyiq altında belə vermək olmaz. Zira hər kəs, o cümlədən kommunist firqəsi də tamamilə əmin ola bilər ki, Parlament vasitəsilə, yaxud başqa bir mütəşəkkil vasitə ilə öz fikirlərini deyə bilər və qəbuluna da nail ola bilərlər. Əgər bu həyata keçirilərsə, Azərbaycan özünü azad hesab edə bilər.
Səmədağa Ağamalı oğlu — Bu təklifdən qorxmaq lazım deyil. Demək olar ki, burada təhlükəli bir şey də yoxdur. Deyək ki, təklif edən türk qardaşımız deyil. Poqos və ya başqa bir adamdır. Nə deyə bilərsiz? Onlar indi deyir: “Sür dərəyə”, biz də gərək sürək. Onlara deyəndə ki, bu belə deyil, cavab verirlər ki, köpəkoğlu, belədir. İndi əsgər dayanıb orada, sən də heç bir şey edə bilmirsən. Danışmağa da masal yoxdur. Nə edəsən? Deyirlər ki, tarixdə belə bir şey olmayıb, amma elə hal olub ki, İsgəndər Zülqərneyni də məcbur ediblər tabe olsun. Bizdə deyirlər ki, qaçmaq igidlikdir, amma yeyin qaçmaq daha yaxşıdır.
Gürcüstanın böyüyü Jordaniya deyir ki, onlarda hər şey yaxşı gedir. Ona  görə ki, onlar istədiklərini vaxtında edirlər. Bəziləri deyir ki, xeyir o, mən divarı döyəcləyəcəyəm, amma bundan heç bir şey çıxmaz və ağrıyan yalnız onun əli olacaq. İş barədə düşünmək lazımdır. Təslimdən başqa çarə yoxdur, çünkü artıq iş işdən keçib. Məsələ burasındadır ki, millətin əminamanlığını qorumaq lazımdır. Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar. Tarix bunu göstərir ki, bir adam daimi qala bilməz. Doğrudur, bir az ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əliheydər Qarayev, indi də gəl sən otur, görək neyləyirsən. Bizdə kişilik varsa, bunu etiraf etməli və deməliyik ki, sən otur, bəlkə sənin məramnamən bizimkindən daha yaxşıdır, və millətə bizdən də yaxşı xeyir verə bilərsən.
Sədr – Danışan yoxdur? Məhəmməd Əmin, siz təklifinizi buyurun.

M.Ə. Rəsulzadə– Əfəndilər, mötəcaviz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbğil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır(təbliğatıdır). Bizi işğal ediyorlar. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcazivanə ultimatumu rədd etməliyik…
        
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə(qiyafəsinə) bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır…”

Söz Aslan bəy Səfikürdlünundür.
Aslan bəy – Həzarat! Doğrudur, biz indi çox məsuliyyətli bir vaxtda, məsuliyyətli
dəqiqələrdə yaşayırıq. Millət üçun çalışan hər bir şəxs qarşısına fəqir-füqəranın
müdafiəsi məsələsini məqsəd qoymalıdır. Bu yoldan da qorxub dönməməlidir. Ələlxüsus Parlament üzvləri ki, bir ildən artıqdır cəmiyyətin müqəddaratını öz üzərinə götürmüşlər. Burada hər kəs, o cümlədən, indiyədək Parlamentin sol firqəsi
sayılan sosialist firqəsi daima istiqlaliyyəti müdafiə etmişdir. Böyük Rusiya inqilabının bizə xeyri bundan ibarətdir ki, o, hər bir millətin hökumət təşkilatının və cümhuriyyət məsələlərinin həllini onların öz ixtiyarına vermişdir. Camaat bu ixtiyarı heç kimə verməyəcək və verməz də. İndi bir məsələ var ki, bu vaxta qədər heç bir iş başında olmayanlar, Parlamentdə oturmayıb, hökumət işində iştirak etməyənlər, indi bizə təklif edirlər ki, camaatın müqəddəratının həlli onlara verilsin və deyirlər ki, əgər verməsən, bunu Qızıl Ordu və fəhlələr özləri alacaqlar.
İndi biz nə etməliyik? Təbii ki, razı olmalıyıq. Hərgah bizim millət bu istiqlaliyyətdən həqiqi bir ləzzət ala bilməzsə, onda millət özü-özünü indi də olmasa, bir aydan sonra, ya da bir ildən sonra mudafiə edəcək. Bu məsələni millət özü həll etməlidir. Bizim sosialistlərin əqidəsi odur ki, gərək hökumət onların əlində olaydı. Necə ki, deyirlər: “Biz bacarsaydıq hakimiyyəti özümüz ələ alardıq.
Lakin qüvvəmiz olmadığı üçün bunu edə bilmədik”. İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən
hökuməti veririk öz camaatımıza – yəni fəhlələrə və kəndlilərə ki, onlar da bunu
istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da
doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza
veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk.
Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik. Hökumət ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun, hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail olar.
Sədr — Təklif var ki, 10 dəqiqə istirahət edək. Etiraz yoxdur ki? 10 dəqiqə tənəffüs elan edilir.
İclasın davamı
Qarabəyov Qara bəy (“İttihad” firqəsinin sədri) – Öylə olmalıdır ki, aləm islamın xilası üçün çalışsın.
Sədr – Daha danışan yoxdur? Təqdim olunan təklifi səsə qoyuram. Təklif birdir, kommunist firqəsi tərəfindən.
Məmməd Əmin Rəsulzadə – Mənə bu barədə söz veriniz.
Sədr – Buyurun.
Məmməd Əmin Rəsulzadə – Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.
Sədr – Söz Saniyev Hacıkərimə verilir.
H. Saniyev – Musavat firqəsinin namizədi burada yeni bir şey söyləmədi. O şəxsə ki, etimad göstərilir və o bu vəzifəni layiqincə yerinə yetirirsə, deməli, bu etimad doğrulmuş hesab olunur. Yox, əgər bu vəzifə yerinə yetirilmirsə, onda bu etimad geri götürülür. Biz də, əlbəttə bu cür hərəkət edəcəyik.
Sədr – Məsələ səsə qoyulur. Təklif olunur ki, bütün ixtiyarat kommunistlərə verilsin. Hökumət və Parlament onların rəyi əsasında təşkil olunsun. Kim buna tərəfdardırsa, əl qaldırsın. Kim əleyhinədir?
M. Ə. Rəsulzadə (yerindən) – Bəs səs verməyənlər?
Sədr – Kim səs vermədi? Demək, əksəriyyət səslə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır. Bir səs əleyhinə, üç bitərəf, üç nəfər səs vermədi.
Qardaşov İslam bəy “Əhrar fraksiyası”, (yerindən) – Bəs bu Parlamentin taleyi?
Sədr – Onlara verilməsi qəbul olundu. Madam ki, bütün ixtiyarat kommunistlərə verildi, demək Parlament də onların ixtiyarına keçir.
Səs – Məsələ belə deyil axı.
Sədr – Bu barədə danışmaq istəyən varmı? Təklif var ki, parlamentin nə cür olmağı barədə müzakirələr açılsın.
Ağa Aşurov – Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir.
Sədr – Söz Məhəmməd Həsən Hacınskiyə verilir.
M. H. Hacınski (“Müsavat”) – Mən bir qədər izahat vermək istəyirəm. Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabi hökumət ilə Parlament yaşaya bilməz. Məsələ orasındadır ki, Parlament öz ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır.
Sədr – Söz Muxtar Mahmudova verilir.
M. Mahmudov (“Müsavat”) – Həzərat! Bu gün Parlamentin çıxardığı qərar bilirik ki, Şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə bu məsələyə görə Parlament 2 dəfə yığılır və məsuliyyəti tamamilə öz öhdəsinə götürən firqə ilə danışıq aparır. Danışığın səbəbi qan tökülmə bəlasının qabağını almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə təəssüf ki, cavan Azərbaycanın qüvvəsi olmadığına görə, Parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz üzərinə götürən firqəyə verir.
Deyirlər ki, təzə firqə bəlkə Parlamenti qovub dağıtsın, lakin Parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda
bilməz. Nə vaxta qədər ki, Parlament öz dağılması haqqında qərar çıxartmayıb,
yenə parlamentliyində qalır.
Bizə burada “Müsavat” firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə
verilməsinin tərəfdarı və nə qədər ki, müstəqillik şüarı mövcuddur, onlarla
həmkarlıq etməyə razıdırlar, ancaq o vaxta qədər ki, kağızda yazdıqlarına əməl
edəcəklər. Yenə təkrar edirəm – Azərbaycanın müstəqilliyini mühafizə edəcəklər,
onlarla bərabər işləyib müttəfiq olacaqlar. Məhəmməd Hacınskinin verdiyi
izahatdan belə məlum olur ki, Parlament bu gün kommunist firqəsi tələbnaməsini
qəbul edib hökuməti onlara təslim etməyi qərara almışdır. Lakin bu tələbnamə yoxdur. Təslim olmağın bir çox texniki cəhətləri vardır ki, onları sabaha qədər qurtara bilməyəcəyik. Məsələn, hökumətin dəniz avadanlığı, ordusu, nefti və sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan əsgər təslim olmasın, müqavimət göstərsin. Gərək bunların hamısını hökumət qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, Parlamentin və hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını  layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddəratını həll etmək üçün buraya yağışanlar bu səviyyəli olmamalıdırlar. Bir də təkrar edirəm, başqa iclas lazımdır.
Sədr – Söz Aslan bəy Qardaşova verilir.
A. Qardaşov – Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə təklifimi geri götürüb rica edirəm ki, müzakirəsi olmasın.
Sədr – Beləliklə, Parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm.
Saat 23-25 dəqiqədə bağlanır. ”

Elm”, 11 may 1991-ci il, N19-20, səh 3,6.

HAKİMİYYƏTİN KOMMUNİSTLƏRƏ TƏHVİL VERİLMƏSİ HAQQINDA MÜSAVAT PARLAMANININ QƏRARI
27 aprel 1920-ci il Axşam saat 11.00
Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya:
1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti
mühafizə edilir;
2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan
fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici
orqanı müəyyənləşdirir;
4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə
tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət
üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir
görüləcək;
7.Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını
sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz
sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.
Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram.
Parlamentin Sədri Dəftərxana direktoru: Məmməd Yusif Cəfərov
Vəkilov. “Kommunist”, 1920. 6 may

Ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (Stenoqrafik hesabatlar) II cild. Bakı 1988
  2. https://www.moderator.az/news/322089.html

M.Ə.Sabir: ZƏMAN NƏ İSTƏYİR? AMMA BİZ…

ZƏMAN NƏ İSTƏYİR? AMMA BİZ…
Yəqin ki, sərlövhənin bu aхırkı iki kəlmələri zamana ədəmi-mütabiqətimizi eyham
ediyor. Əcəba, boyləmi? Bəli! Müqtəzayi-zəmanə, müqtəzayi-halə ədəmi-müvafiqətimiz
əzhərü minəş-şəmsdir.
Belə isə bu müddəanı isbata, izaha çalışmaq lüzumsuz qalıyor; daha bu müddəadan
danışmağa, yazmağa ehtiyac qalmıyor. Belə deyilmi? Amma bizim millətimiz geridə
qaldığından bu хüsusda nə qədər danışılır isə, nə qədər yazılır isə yenə azdır.
Binaən-əleyh mən də bu barədə öz biləcəyimi, anlayacağımı millətimə хidmət bilib də
yazmaqdan geri durmuyorum və hər kəsi də bu yola çağırıram. Çün sözü, işi millət deyib
işləməz, bəlkə milləti təşkil edən əfradi-millət deyib işlədər. Odur ki, mən də bir fərd
olduğum üçün bəqədri-qüvvə öz bildiyimi yazıram.
Mə’lumdur ki, əfradi-insan başlıca üç sinfə təqsim olunur. Birinci sinfi uşaqlar, ikinci
sinfi cəvanlar, üçüncü sinfi qocalardır.
Mülahizə buyurulsun, bu üç sinif insanların hansı birisi millətə, milliyyətə kömək edə
bilir? Hansı birisi tərəqqiyə, səadətə səbəb ola bilir? Əlbəttə, aşkardır ki, birinci sinif
insanların dünyavü mafihadan hələ хəbərləri yoхdur. Oylə isə daha kömək qeyrimənzurdur. Bil’əks onlara kömək.
Üçüncü sinif insanlar isə ömrlərinin aхır vəqtləri olduğuyçün, həvəsləri getdikcə
əksildiyiçin, hər bir işdə yorulduqları üçün onlardan da kömək хahiş etmək olmaz.
Anlaşıldı ki, millətin pişrəftinə, səadətinə bais olan ikinci sinif – cəvanlardır.
Amma hansı cəvanlar? Burası böyük sualdır. Cavabına iczimi e’tiraf ilə bunu deyə
bilərəm ki, o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, oхumuş olalar, ali
mədrəsələrdə təhsili-elm, təhsili-kəmalat etmiş olalar. Ana dillərindən, dini əmrlərindən
ziyadəsincə də olmasa, kafi qədər хəbərdar olmuş olalar. Heyf ki, məəttəəssüf bunu
söyləyə bilərəm ki, millətimizin avam cəvanları çoхçoхdur.
Millətdən, milliyyətdən biхəbər olanları daha çoхdur. Nə təəssüflü bir hal! Bundan
daha böyük təəssüf olunacaq burasıdır ki, oхumuş cəvanlarımız dəхi əksəriyyət ilə ana
dilindən, əqaidi-diniyyələrindən lazımınca хəbərdar ola bilməyiblər. Əcəba, bu təqsir
kimdədir, oхumuşlarımızdamı? Хeyr! Хeyr! Təqsir bizim məktəbsizliyimizdədir. Zira, üsuli-cədid üzrə təşkil olunmuş müntəzəm məktəblərimiz olmuş olseydi,
məkatibi-ətiqin ömr zayeedici üsulundan qorхub, hələ ana dili bilməyən, əqaididiniyyəsindən хəbərdar olmayan övladlarımız, ümidi-istiqlalımız olan övladlarımız хariciməktəblərə verilib, ilminskilər tə’lif edən risalələrə mö’təqid olmaz idilər. Ey vah, nə qəmli halət, nə yaman rəzalət, aman Allah, bu girdablar bizi boğur, biz hələ qafil dururuq.
Bu cəhalət bizi odlara yandırır, biz hələ biхəbər qalırıq.
Halbuki daha o zəmanlar keçdi, mədəniyyət, hürriyyət zəmanı gəldi.
Hər bir dərdin, illətin çarəsinə baхmaq zəmanı yetişdi. Əcəba, bizim dərdimizin çarəsi
varmı? Bəli! Bəli! Əfəndim, “likülli ğəmin fərəcün və likülli dain dəvaün”*. Bilirmisən
çarəmiz nədir? Bəli, çarəmiz, ən böyük çarəsiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbiislamiyyə açmalı; islamın o mə’sum balaların saf qəlblərini islamiyyət nuri ilə tənvir  etdikdən sonra əcnəbi dillərini də nə qədər oхunur-oхunsun, oхutmalı; övladi-vətəni tərəqqiyə, mədəniyyətə isal etməli, islamiyyət ilə bərabər tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli, bununçün də çalışmalı!
Amma kimlər çalışmalı? Ziyalı cəvanlar! Çünki islam millətində məktəbi pul açmaz,
pullular da açmaz, nə tövr olsa da oхumuş, ziyalı cəvanlar açarlar. Zira, pullularımız
əksəriyyətlə avam olduqları üçün məktəbin faidəsini, mənfəətini, хeyrini kəmalınca
düşünməzlər. Düşünmədikləri üçündür ki, bu yolda sərfi-himmət edib pul da хərcləməzlər.
Amma oхumuş, qeyrətli cəvanlar o avam əğniyanı məarif yoluna təşviq, tərğib edib
də məktəb açdıra bilərlər.
Pəh, pəh, nə böyük vəzifə, nə ali məqsəd! Ey millətimizin ziyalı cəvanları, bilsəniz ki,
siz dünyalar qədəri olan bir vəzifə altında yaşayırsınız!
Budur, vətəni-əzizimizin gül, rəyahin bitirən torpaqları qardaşlarımızın mə’sum
qanları ilə, elmsiz, tərbiyəsiz cəvanlarımızın vəhşikaranə, zalimanə hərəkətlərindən ağüştə olduğun görürsünüz!
Bu hərəkətlər elmsizlikdən, cəhalətdən naşi deyilmidir? Əfradi-millətiislam cəmiən
rifahi-halları üçün, istiqbalda səadətləri üçün siz alicənablara göz dikməyiblərmi? Hərgah siz bu şanlı vəzifənizi layiqincə yerinə yetirsəniz, yəqin ki, yəqin ediniz ki, zənciri-əsarətdə, qeydicəhalətdə boğulub qalmış millətdaşlarınızı qərq olduqları vərteyihəlakətdən sahili-nicata çıхarda bilərsiniz.
Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oхumuş, böyük oхumuş,
ana dilində əqaidi-diniyyəsindən хəbərdar olan cəvanlar sahəarayimeydani-tərəqqi
olsunlar.
Bir də təqazayi-zəmanı mülahizə edib də iş görməli! Bilirmisiniz zəman nə istəyir?
Amma biz…

ReAL-ın gələcəyi

09.02.2020-ci il tarixli Parlament seçkiləri başa çatdı. Post-Seçki dövrü göstərdi ki, seçkidə iştirak doğru addım idi. Bu seçkidə azsaylı siyasi aktiv insanın seçkidə iştirakı və mübarizəsi əsasən ReAl partiyasının və seçkidə namizəd olan siyasi fəalların fəaliyyətinin nəticəsi idi. Seçki özlüyündə bir çox suala cavab verdi ki, bunlardan bəzilərini burada qeyd etməyə çalışacam.

  1. Öncəliklə bu seçkilər Azərbaycanın siyasi həyatının tamamilə bitdiyini göstərdi. Yəni, artıq ortada YAP da daxil olmaqla heç bir siyasi təşkilat yoxdur.  Bunun obyektiv və subyektiv səbəbi var ki, bunu aşağı-yuxarı hər kəs bilir. Bu həm siyasi hakimiyyətin düşünülmüş, ardıcıl və planlı siyasətinin nəticəsidir, həm də müxalif siyasi təşkilatların və liderlərin özündən qaynaqlanan səbəblər olaraq göstərmək olar. Müsavat tam gücsüz təşkilata çevrilib, Cəbhə intihar edib, ReAl da özünü yeyib-bitirib.
  2.  Siyasi hakimiyyətin heç bir halda islahata və ya Türkiyədən borc götürdüyümüz  kimi “demokratik açılım”a getməyəcəyini gördük. Bütün atılan addımlar sadəcə hakimiyyətin ömrünü uzatmağa yönəlib.
  3. Xalqın bütün siyasi təşkilatlara ümidi sıfıra düşüb. Fərd olaraq ictimai fəallara daha çox etibar edilir, nəinki siyasi partiyalara.
  4. Sosial şəbəkələr hər nə qədər əsas informasiya təminatçısı olsa da, ənənəvi media hələ də sosial mühəndislikdə əsas rol oynayır.
  5. Çox danışılan “məhkəmə islahatları”nın da əslində bir imitasiya olduğunu və məhkəmənin siyasi hakimiyyətin əlavəsindən başqa bir şey olmadığını gördük.

Təxminən 10 il öncə yaranmış ReAl hərəkatı ümid vəd edən bir təşkilat idi. Lakin necə oldu ki, bu vəziyyətə gəlib çatdı? Bu geniş cavab tələb edən sualdır. Ancaq qısa cavab vermək istəyirəm. ReAl-ın gücü vizyonu ilə ümid verməsi və fərqliliyi idi. Bu kənardan görünən hissəsidir. Daxildə isə kollektiv qərarvermə mexanizmlərinin mövcud olması ReAlı güclü edirdi. Zəifləməsinin səbəbini bu göstəricilərdən yola çıxaraq axtarmaq lazımdır. İlqar Məmmədovun təşkilat daxilində avtoritetinin yüksək olması və nüfuzdan konstruktiv deyil, dekonstruktiv yönümdə istifadə etməsi daxildə təşkiatı zəiflətdi. Müstəqillik tarixi boyunca müxalif təşkilatları didişdikləri bataqlığa sürükləmək təcrübəsini ReAla da tətbiq etmək mümkün oldu. Bu da ReAl üçün intihar demək idi.

ReAl son olaraq Adminstrasiya ilə siyasi dialoq şousuna da cəlb edildi. Bilirik (və ya bilməliyik) ki, bu cür “dialoqlar” daxili siyasi məqsədlərlə keçirilmir, beynəlxalq aləm üçün tamaşadır. Və bilmirəm təsadüfdürmü, bu tamaşanı çəkmək üçün Dram Teatrın (özü də Rus Dram Teatrı) ex-direktoru səlahiyyətləndirilmişdi.

Hərdən bu cür “siyasi dialoq” adlı tamaşalar, monoloq və dialoqlarla rastlaşırıq. Niyə hələ də bu cür oyunlarla bizi aldatmaq mümkün olur? Əminəm ki, bu QÇS (Qazanılmış Çarəsizlik Sindromu)-dir. Bizi özümüz artıq aldanmağa meyilliyik.

Bundan sonra nə etmək olar? Fikirləşmək lazımdır…

“ReAl”istik islahat

Bəzən problemlərə və ya hadisələrə qiymət verərkən şəxsləri müzakirə etməklə yanlışa yuvarlanırıq. Mən əminəm ki, İlqar Məmmədov avtoritarizm qurmaq istəmir və istəməz. Ona görə də İlqar Məmmədovun şəxsini müzakirə etmirəm və bunu doğru da hesab etmirəm. Problemə qiymət verərkən atılan addımlara və fikirləri müzakirə etməli və bu addım və fikirlərin risklərini ciddi təhlil etməliyik. Bir misal çəkim tarixdən: ABŞ-da prezidentin neçə dəfə seçilməsinə məhdudiyyət yox idi. Lakin buna baxmayaraq Vaşinqton iki dəfədən artıq seçilmək istəmədi və özündən sonrakılar ona hörmət edərək 2 dəfədən artıq prezident seçilmək istəmədilər. Lakin ikinci dünya müharibəsi zamanı F.D.Ruzvelt bu ənənəni pozdu və beləliklə ölənə qədər 4 dəfə prezident oldu. Amerikan sistemi ola biləcək təhlükəni gördü və 2 dəfədən artıq seçilməyə qadagan etdi.
Bir başqa misal çəkim (dəfələrlə bu misalı çəkmişəm): Robespierre inqilaba qədər ölüm hökmünün ləğv edilməsi üçün mübarizə aparmışdı, lakin onun dövründə saysız-hesabsız edam qərarı çıxarıldı.
Buna görə də şəxsləri müzakirə etməyək.
 
Fikir nədir və İlqar Məmmədov nə istəyir? Bu mövzuda İlqar bəyin 2 yazısı var və bir daha o yazıları oxudum.
1. İlqar bəy kütləvi partiyadan imtina edərək fraksiya partiyası olunmasını istəyir ki, bu fikri mənə görə də doğrudur. Məncə Məclis kifayət qədər böyükdür və çoxsaylı olması keyfiyyətli olması demək deyil. İndiki rejimdə açıq siyasi mübarizənin riskləri böyük olduğu üçün resursları qapalı saxlamaq daha məqsədəuyğundur. Bundan başqa belə çoxsaylı Məclisə rejim tərəfindən müdaxilə olunması çox asandır.
2. Sədrin qurultay tərəfindən deyil, Məclisdə (siyasi komitədə) seçilməsini istəyir. Ki, burada əsas arqument sədrin Məclisdən asılı olması, özünü üstün görməməsidir. Prinsipcə qurultay tərəfindən seçilərkən də Məclis qarşısında sorumlu olur, ciddi dəyişiklik hesab etmirəm.
3. İlqar Məmmədovun fikrincə ReAl ideoloji sapma yaşayıb, respublikaçılıq ideologiyasından Cümhuriyyətə “itaət” formasına keçib. Onun fikrinə görə ya Respublika, ya da monarxiya.
Bu fikirlə razılaşmaq mümkündürmü? Mənə görə Azərbaycanda monarxiya yoxdur, monarxiyaya çevrilmə təhlükəsi yoxdur. Atadan-oğula keçən hər hakimiyyət monarxiya deyil. Monarxiyanın öz ideoloji bazası var. Dikta rejimlərinin hamısı özünə varis hazırlayır, hakimiyyəti varisə ötürür. Bu ailədən-klandan da ola bilər, təşkilatdan da ola bilər. Nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti sovetlərin varisidir, bu sistemi monarxiya yox, elə diktatura və ya avtoritar rejim adlandırmaq gərəkdir. İdeoloji olaraq sapma doğru iddia deyil.
 
İkinci yazısında nələrin dəyişdirilməsini istədiyini yazıb.
1. Qurultay keçirilməsi və qeydiyyat üçün yenidən müraciət. Bunu etmək üçün ReAl zatən kifayət qədər çalışmışdı və bu partiyanı qeydə almaq istəmirsə rejim onu almayacaq və bu 2×2-dir.
2. Partiyanın yerli təşkilatlarının seçki dairələri üzrə qurulması. Bu strateji bir dəyişiklik deyil və prinsipcə dəyişdirilməi mümkün idi.
3. əsas məsələ (mənə görə dəyişikliyin əsas mahiyyəti buradadır) strukturun dəyişdirilməsi, Məclisin və NTK-nın buraxılması. Burada NTK-nın ləğvinin mahiyyəti mənə anlaşılmaz qaldı. Niyə Məclis ləğv olunur? Bu İlqar bəyin minimalist yanaşmasındandır.
Ancaq yenə də anlaşılmaz məqamlar var və düşünürəm ki, bu əslində üzərində düşünülməli olan və yetərincə təhlil olunmalı məsələlərdir. Niyə Məclis adından imtina edilir? Məclisi daha kiçik etmək mümkün deyildimi? Bu tədbirlər yenidən Hərəkat taktikasına dönüş deyilmi?
 
İlqar bəyin yuxarıda yazdığım fikirlərinin xeylisini bölüşürəm, xüsusilə minimalist yanaşmasını.
 
Bir də qalır əməl hissəsi. Bu gedişin şəkli doğru idimi? Sadəcə 1 il öncə hazırda partiyada söz sahibi olan insanlar bu formatı uyğun görmüşdülər. Uyğun görməyənlər artıq partiyada deyillər. Necə oldu ki, həmin komanda bu gün İlqar bəyin addımlarını bəyəndi və təsdiqlədi. Ya bu bir il onların da fikirlərini dəyişdirib, ya da İlqar Məmmədovun nüfuzu və israrı ilə dəyişiblər(Azər Qasımlı istisna). Əgər birinci hal olsaydı, güman edirəm ki, bu dəyişikliklər daha asan və sakit baş tutardı. İkinci haldırsa və İlqar Məmmədovun şəxsi nüfuzu ilə partiya dəyişirsə (fərqi yoxdur, müsbət və ya mənfi olmasının), bu artıq gələcək üçün risk faktorudur.
Ancaq bir məsələ də var ki, bu təklifləri Məclis bəyənib və A.Qasımlının sözlərinə görə onun israrlı xahişləri ilə. Əgər belədirsə, Məclisin zəifliyi göz önündədir.
Sonra necə olacaq? Düşünürəm ki, gələcək riskləri nəzərə alıb mexanizmi minimaist saxlamaqla, nəzarət funksiyası da yaratmaq mümkündür və vacibdir.

Erkin Qədirli: Rusiya və İran Azərbaycan’ın Qərblə inteqrasiyasını niyə istəmirlər?

Erkin Gadirli

February 24 at 5:10 AM ·

Rusiya və İran Azərbaycan’ın Qərblə inteqrasiyasını niyə istəmirlər? (birinci yazı).

Uzaqdan başlayaq.

Ölkəmizin Qərbə doğru getməsinin qarşısında çeşidli çətinliklər vardır. Onları bir neçə qrupa bölmək olar: 1) coğrafi; 2) tarixi; 3) siyasi; 4) “mədəni”. “Mədəni” sözünü dırnaq içində yazmağımın məqsədi var, növbəsi çatanda izah edərəm. Sırayla gedək.

  1. Coğrafi çətinliklər.

Azərbaycan Respublikası’nın coğrafi yerləşməsi onun az qala bütün çətinliklərini şərtləndirir. Ölkəmizin açıq dənizlərə təbii çıxışı yoxdur. Bu, bizi bir neçə rahat olmayan seçim qarşısında qoyur. Nəzəri olaraq üç yol ola bilər: 1) Rusiya üzərindən; 2) İran üzərindən; 3) Gürcüstan üzərindən.

Rusiya’ya təsir imkanlarımız azdır. Üstəlik, Rusiya üzərindən açıq dənizlərə (Volqa-Don kanalıyla Azov, oradan da Qara dənizlərə və Belomorkanal vasitəsilə Baltik Dənizə) çıxış ilin təxminən 6 ayı buz altında qalır. Ayrıca, Rusiya’dan asılılıq bizi Qərbdən uzaqlaşdırır. İran üzərindən açıq dənizlərə çıxışın da öz coğrafi (dağlar) və siyasi (İran’dakı rejim və onun xarici siyasəti) kimi çətinlikləri vardır. Ayrıca, İran da bizim Qərbə getməyimizi istəmir. Qalır Gürcüstan.

Ölkəmizin coğrafi yerləşməsi bizi Gürcüstan’dan çox asılı edir. Gürcüstan bizim açıq dənizlərə tək çıxışımızdır. Tək elə bu səbəbdən biz, birbaşa iqtisadi faydası olsa da, olmasa da, Gürcüstan’a pul yatırmalı, oranın nəqliyyat infrastrukturunu çalışdırmalı, iş yerləri açmalıyıq və s. Başqa sözlə – Gürcüstan’ı ayaqda saxlamalıyıq. Gürcüstan’dakı siyasi dəyişikliklərin əsas maliyyə sponsoru Azərbaycan’dır. Gürcüstan batarsa, biz də batasıyıq. Ona görə də Qərbə doğru gedən yolda öncüllüyü strateji olaraq Gürcüstan’a vermişik. Gürcüstan, başı ora-bura dəyərək Qərbə doğru gedir, bizim üçün də yol açır. Biz də Gürcüstan’ı arxadan dəstəkləyirik. Qərbə doğru gedən yolda strateji yanaşmamız “Gürcüstan’dan bir addım geridə” kimi təsvir oluna bilər.

Biz Gürcüstan’ın başı üzərindən Qərbə gedə bilməyəcəyik. Gürcüstan’ı qəbul etməyəcəklərsə, bizi də qəbul edəsi deyillər. Rusiya bunu bilir, ona görə də daha çox Gürcüstan’a təzyiq etməyə çalışır (orada bunun üçün imkanları da çoxdur). Gürcüstan’a təzyiq etməklə Azərbaycan’a da mane olur. Rusiya’nın Azərbaycan’a ən böyük və təhlükəli təzyiqi Ermənistan vasitəsilədir. Torpaqlarımızın hələ də işğal altında saxlanmasının əsas məqsədi – Azərbaycan’ın Qərb yoluyla getməsinin qarşısını almaqdır.

Coğrafi yerləşməmiz ölkəmizin içindəki inkişaf üçün də çətinliklər yaradır. Ölkəmizin əksər hissəsi yarımsəhra, ya da quru çöl iqlimli düzənlikdir. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarıyla əhatə olunmuş düzənliklərimizdə illik yağmur həcmi kənd təsərrüfatının təbii iknişafını əngəlləyir (yağmurun böyük hissəi həmin dağların və onlara bitişik yerlərin payına düşür). Abşeron yarımadasından Gəncə’yə qədər olan torpaqlarımız qurudur, münbitliyi azdır.

Bütün bunlar, başqa şərtlərlə yanaşı, kənd təsərrüfatımızın özəl sahibkarlıq hesabına inkişafını çətinləşdirir, dövlətin genişmiqyaslı müdaxiləsini tələb edir. Bu isə, öz növbəsində, iqtisadi və onlara bağlı olan siyasi azadlıqları əngəlləyə bilir. Örnəyi, Kürdəmir fermeri Lənkəran fermeri qədər azad ola bilmir. Kürdəmir’də torpaq qurudur, iqlim yağmursuzdur, əhali sıxlığı azdır. Lənkəran’dakı eyni göstəricilər bunların tam əksidir. Nəticədə, Kürdəmir fermeri dövlətdən daha çox asılı olur, onun əməyi daha çox yatırım tələb edir, məhsulun satılması üçün əlavə nəqliyyat xərclərinə ehtiyacı yaranır, məhsulun özü də bahalı olur. Yəni, bu kontekstdə ölkəmizdə siyasi və hüquqi islahatlar nəticəsində fürsət bərabərliyini bir gün yarada bilsək də , imkanlar bərabərsizliyi qalacaq, kənd təsərrüfatına dövlət hesabına böyük maliyyə yatırımları olacaq. Bu, öz növbəsində, kənd təsərrüfatında məşğul olan əhalimizin siyasi fəallığını çətinləşdirəcək, kəndlilərin mərkəzi icra hakimiyyətindən çox asılı durumda qalmasını şərtləndirəcək.

Ölkəmizin su ehtiyatlarıya bağlı problemlərin çoxu coğrafidir. Xəzər sahillində yerləşən torpaqlarımız küləklərə açıqdır. Burada buxarlanma buludlanmayla nəticələnmir. Çaylarımızın əksəriyyəti quruyandır, yalnız güclü yağışın və dağlarda qarın əriməsi nəticəsində qısamüddətli suyla dolur. Suyla dolu iki çayımız vardır – Kür və Araz. İkisinin də dar və dayaz olması ucbatından ölkəmizdə çay gəmiçiliyi inkişaf edə, çayqırağı şəhərlər böyüyə bilmədi. Çayların gəmiçilik üçün yararlı olmasının iqtisadi və siyasi inkişafa təsirini görmək istəyənlər Quzey Avropanın və ABŞ’ın inkişafında çayların roluna baxsınlar. Orta Çağlarda Quzey Avropada Hanza Birliyi (indiki Avropa Birliyinin prototipi) məhz çayqırağı şəhərlərin birliyi kimi yaranmış və inkişaf etmişdi. ABŞ’da Mississipi çayı (qollarıyla birlikdə) dünyada ən böyük iqtisadi önəmi olan çaydır. Onu hətta “Amerikanın Anası” adlandırırlar. Heç zaman donmayan, açıq dənizlərə axan, geniş və dərin çayların iqtisadi və siyasi inkişafda önəmi danılmazdır. Quzey Avropanın Güney Avropadan daha varlı və daha demokratik olmasının səbəblərindən biri də həmin çaylardır (zəngin çayqırağı şəhərlərdə yerli özünü-idarəetmə Orta Çağlarda da güclü olub, siyasi ənənəyə çevrilib).

  1. Tarixi çətinliklər.

Tarix coğrafiyadan çox asılıdır. Odur ki, yuxarıda yazdıqlarımın tarixi şərtlərə də təsiri güclüdür. Örnəyi, bizim İran’la bugünkü sərhədlərimizin vaxtılə (Türkmənçay Anlaşması dönəmində) cizilməsində Araz Çayının önəmi böyükdür. Araz Çayı bizim tarixi yaddaşda və ədəbiyyatımızda ayrılıq mövzusuna çevrilmişdir.

Bizim bölgəyə tarixin çeşidli dönəmlərində (Əhəmənilərdən bu yana) sahib olmuş imperiyaların hamısı buranın coğrafiyasını nəzərə alıb. Ona görə də Güneydən gəlib buraları tutanların hamısı Böyük Qafqaz dağlarında dayanıb, Quzeydən gələnlər də – Araz Çayında. Doğudan gələnlər buralardan Qara, Aralıq, Qırmızı dənizlərə, eləcə də Fars Körfəzinə qədər gedə bilsələr də, Batıdan gələnlər Xəzər’in sahilində dayanmalı olublar. Beləliklə, tarixən elə oldu ki, bu beş dənizin (Qara, Aralıq, Qırmızı, Fars Körfəzi və Xəzər) arasında olan bölgəyə nəzarət etmək istəyənlərin hamısı, bizim ölkəni də ya tutmağa, ya da özündən asılı etməyə çalışıb. Bugün də elədir. Heç nə dəyişməyib.

  1. Siyasi şərtlər.

Siyasi şərtlər, sıralamadan göründüyü kimi, həm coğrafi, həm də tarixi şərtlərdən asılıdır. Bununla belə, siyasi şərtlərin öz önəmi vardır. Bölgəmiz (Güney Qafqaz) üç dövlətdən ibarətdir – Azərbaycan, Ermənistan, Gürcüstan. Gürcüstan’ın Azərbaycan üçün önəmilə bağlı yuxarıda yazmışam. Ermənistan da strateji maraqlarımızın qarşısında duran, lakin Gürcüstan’dan fərqli olaraq, bizdən asılı olmayan, əksinə, Rusiya və İran vasitəsilə bizə təzyiq kimi ayaqda tutulan bir dövlətdir.

Azərbaycan ərazisininn əksər hissəsini Naxçıvan’dan ayıran Zəngəzur dəhlizi bugün rəsmən Ermənistan’a aid olsa da, faktiki olaraq Rusiya’nın nəzarətindədir. Rusiya oranı, başqa məqsədlərlə yanaşı, Türk ölkələrini bir-birindən ayırmaq üçün nəzarətdə saxlayır. Bir dəfə yazmışdım, burada da xatırlamağa dəyər. Ərazi mübadiləsini nəzərdə tutan “Qobl Planı”na qarşı birinci elə Rusiya çıxmışdı. Boris Yeltsin’in Heydər Əliyev’ə zəng edib “Siz orada ne edirsiniz? Türk qurşağını yaradırsınız?” deməsi, Rusiya’nın bölgəmizin xəritəsini necə oxuduğunu aydın göstərir.

Ermənistan, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Rusiya’nın aləti rolunu oynayır. Məqsəd də aydındır – Azərbaycan’ın Qərbə doğru gedən yolunu kəsmək. Burada Rusiya’nın maraqları İran’ın maraqlarıyla üst-üstə düşür. Üstəlik, Azərbaycan’ın İranla sərhədinin işğal olunmuş Zəngilan və Cəbrayıl rayonlarındakı hissəsinə dövlətimizin nəzarət edə bilməməsi Rusiya’nın da yararınadır, İran’ın da. Yaxşı ki, heç olmasa Horadiz kimi strateji yeri vaxtında işğaldan azad edə bildik.

Bölgəmizə həndəsi gözlə baxsaq, Azərbaycan’ı, Ermənistan’ı və Gürcüstan’ı iç üçbucağı kimi, Rusiya’nı, İran’ı və Türkiyə’ni də bayır üçbucağı kimi təsəvvür etmək olar. Bu haqda da bir dəfə (bir neçə il öncə) yazmışdım. Qısa tərkarlayım. Bayır üçbucağına aid olunan ölkələrin heç birisinin, iç üçbucağında yerləşən ölkələrin hamısıyla yaxşı münasibətləri yoxdur. Rusiya’nın Ermənistan’la münasibətləri yaxşıdır, Azərbaycan’la gərgindir, Gürcüstan’la pisdir. Türkiyə’nin Gürcüstan’la və Azərbaycan’la münasibətləri yaxşıdır, Ermənistan’la pisdir. İran’ın Ermənistan’la və Gürcüstan’la münsibətləri yaxşdır, Azərbaycan’la gərgindir. Bu, bölgəmizə vaxtılə sahib olmuş keçmiş imperiyaların heç birisinə bölgəmizdə təkbaşına hakim olmağa imkan verməyən neqativ bir balansdır. Onlar üçün neqativ olan, bizim üçün pozitividr. Ona görə də deyirəm ki, Rusiya, İran və Türkiyə arasında nə qədər çox ziddiyyət olarsa, bir o qədər də bizim xarici siyasət seçimlərimiz artmış olur. Bayır üçbucağına aid olunan ölkələrlə iç üçbucağında yerləşən ölkələrin ortasında Azərbaycan’ın işğal olunmuş torpaqları vardır. Bu torpaqlar bayır üçbucağına aid olunan ölkələr üçün strateji oyun kartıdır. Belə bir görüntü həndəsədə “Napoleon Teoremi”ni xatırladır, Qarabağ da sanki “Napoleon Mərkəzi”dir.

Napoleon buralara gəlmək, buralardan da Hindistan’a getmək istəyirdi. Alınmadı. Bugün biz özümüz Napoleon’un qurmaq istədiyi Avropaya doğru getmək istəyirik. Haşiyə: Avropanın birliyi işində xüsusi xidmətləri olmuş dövlət xadimlərinə Napoleon Ordeni verirlər.

Erkin Gadirli

February 27 at 10:21 PM ·

İkinci yazı

  1. “Mədəni” çətinliklər (giriş).

Birinci yazımda (oxumayanlar üçün onu keçiddə yerləşdirirəm) “mədəni” sözünü nədən dırnaq içində yazdığımı izah edəcəyimə söz vermişdim. Sözümü yerinə yetirirəm. Bu sözü burada geniş anlamda işlədirəm. Bildiyimiz “kültür” və “folklor” anlayışlarından çox qırağa çıxan bir anlamda. Burada mədəniyyət, məişətdən tutmuş siyasətə qədər düşüncə, duyğu və davranışlarımızı içinə alan bir anlayışdır.

Mədəni baxımdan, Qərbə gedən yolda bizə nəsə mane olurmu? Təxribatçı sualdır, çoxumuzu “hə” cavabını verməyə təhrik edir. Niyə belədir? Daha doğrusu, niyə beləyik? Nədən bu cür suallara düşünmədən “hə” cavabını veririk? Özümüzü tənqid etdiyimizə görəmi, yoxsa özümüzə güvənmədiyimizə görəmi? Güman ki, hər ikisinə görə. Amma daha çox Qərbi tanımadığımıza görə.

Qərb haqqında düşüncə və təsəvvürlərimiz əsasən kitab bilikləri şəklindədir. Qərbdəki ideyalar tarixi haqqında yazılmış kitabların təsiri daha böyükdür. Bu, özü-özlüyündə nə yaxşıdır, nə də yaman. Vaxtılə Qərb də Şərqi belə öyrənir, belə bilirdi. İstər Antik Dönəmdə, istər Oyanış Çağında, bugün Qərb kimi bildiyimiz siyasi coğrafiyada ideyaların çoxu Şərqdən götürülmüşdü. Bununla belə, Qərb Şərqləşmədi. Niyə? Qərbin düşüncə adamları buna çeşidli cavablar verməyə çalışıblar. Cavabların bəziləri optimist olub (örnəyi, Leibniz), digəriləri pessimist (örnəyi, Spengler), biriləri moralist olub (örnəyi, Kant), o biriləri immoralist (örnəyi, Nietzche), bir qismi idealist olub (örnəyi, Hegel), başqa bir qismi materialist (örnəyi, Marks) və s.

Şərq kimi tanıdığımız bəzi bölgələri Qərbə aid edənlər də vardı. Örnəyi, Spengler (“Şpenqler” kimi oxunur) Qədim Misir’in və İran’ın daha çox Qərb mədəniyyətinə aid olduqlarını söyləyirdi. Fikrini Qədim Yunanların bu iki mədəniyyətdən çox şey götürdüklərinə bağlayırdı. Burada sanki bir seçim varmış kimi yanaşırdı – ya Qədim Yunanları Şərqə aid etməliydi, ya da Misir və İran mədəniyyətlərini – Qərbə. Sonda da Roma mədəniyyətinə üstünlük verdi, əsl Qərbin oradan başladığını düşündü. Bu, çox maraqlı və uzun (tükənməz) bir mövzudur. Odur ki, onu burada buraxım, keçim özümüzə.

Biz haradayıq? Bu dəfə sualım coğrafi deyildir. Coğrafi anlamda sualım yersiz olardı, çünki harada yerləşdiyimizi yaxşı bilirik. “Yerimizin yönü haradır?”, – soruşuram. “Qonşularımız bizi haraya aid edirlər?” sualı da maraqlıdır. Bəlkə ikinci sualdan başlasam düşüncələrimin sonrakı düzülüşü daha ardıcıl ola bilər.

Bu və bundan daha öncəki yazılarımın hamısında düşüncələrimi Rusiya’nın və İran’ın ölkəmizin Qərbə doğru gedən yolda irəliləməsini istəmədikləri gümanı üzərində qururam. Diqqətli oxucularım bunu bilir. Bu gümanı həm ağlagələbilənlik, həm ağlabatanlıq, həm də ağılkəsənlik baxımından doğru sayıram. Yalnız burada bir şeyi dəqiqləşdirim – gümanın doğruluğu güman olunanın doğruluğunu şərtləndirmir. Odur ki, ardıcıl tənqidçilərim tələsməsinlər və yazdıqlarımla öz gümanları arasında ziddiyyət axtarmağa girişməsinlər. İşin istehzalı tərəfi ondadır ki, bəzən sübut olunmuş sübut olunandan daha zəif olur.

Erkin Gadirli

01.03.2019

Üçüncü yazı.

İkinci yazıda izah etməyə başladığım mədəni çətinlikləri hələlik qoyaq qırağa.

Ölkəmiz bölgəmizdə gedən geopolitik qarşıdurmanın ortasındadır. Bir yandan, böyük güclər ölkəmizi qazanmaq, özlərinə yandaş etmək istəyirlər, ona görə də bizə birbaşa basqı yapmırlar, bizə qarşı olan oyunları, bir qayda olaraq, başqaların üzərindən qururlar. O biri yandan da, bizi qazanmaq istəyinin güclü olması ucbatından, ölkəmizin başqaların nəzarətinə keçməsinin qarşısını almağa çalışırlar. Nəticədə, indiki durumda heç kəs Azərbaycan’ı nə qazana bilir, nə də ondan əlini üzür. Bunun izahını az sonra verməyə çalışacağam.

Düşüncələrimi yuxarıdakı gümanımın doğruluğu üzərində qursam, belə bir geopolitik durumun ölkəmizə bilinən bir “rahatlıq” (ən azından keçid dönəmi üçün) verdiyini yaza bilərəm. Belə bir durum, “balanslaşdırılmış siyasət” adı, eləcə də Qoşulmayanalar Hərəkatında üzvlük üzlüyü altında müstəqilliyimizi qorumağa imkan verdi. Bununla belə, Azərbaycan heç zaman Qərbyönümlü siyasətindən əl çəkmədi. Bütün strateji layihələrimiz Qərblə birlikdə, Qərbin hesabına qurulub. Burası aydındır, ya da aydın olmalıdır. Odur ki, qayıdaq böyük oyunçuların oynuna.

Oyun və qərarvermə nəzəriyyələrində, başqa yanaşmalarla yanaşı, özlüyü eyni üzlüyü başqa olan iki yanaşma vardır. Biri “maximin” adlanır, o biri də “minimax”. Bu sözlər, Latın dilində “maximum” (“maksimum” kimi oxunur) və “minimum” sözlərinin birləşdirilməsindən yaranır. “Maximin” (“maksimin” kimi oxunur) yanaşmasında oyunçular strategiyalarını faydanı artırmaq üzərində qururlar, “minimax” (“minimaks” kimi oxunur) yanaşmasında isə – ziyanı azaltmaq.

İndiki durumda böyük oyunçuların heç birisi Azərbaycan’ı tam ələ keçirə bilmir (yaxın gələcək üçün əlçatmaz hədəfdir). Bunu bildiklərinə görə də, böyük oyunçular oyunlarını Azərbaycan’ın yan-yörəsində qururlar. Böyük oyunçular hansılardır? Qərb (özəlliklə, ABŞ), Rusiya, Türkiyə, İran. Nisbətən uzaq, amma gücləri getdikcə artan oyunçular da var. Örnəyi, Çin. Bunların maraqları bir yana, strategiyaları da ayrıdır.

Rusiya’yla İran’ın strategiyaları “minimax”dır. Onlar, Azərbaycan’da qurucu gücə sahib olmadıqlarını yaxşı bilirlər. Heç birisinin ölkəmizdə nə hökumət qurası gücü var, nə toplumu ələ alası. Mədəni təsirləri də azdır. Amma dağıdıcı gücləri var.

Rusiya’nın Çar və daha çox Sovet dönəmindəki təsirinin ətaləti hələ qalmaqdadır. Fizikadan bildiyimiz kimi, ətalətin ölcüsü kütlədir. Rusiya’nın bizə davam edən təsiri, onun kütləsinə bağlıdır. Rusiya kütləsinə görə böyükdür. Rusiya’nın vaxtılə ölkəmizə göstərdiyi mədəni təsiri tükənməkdədir. Bunu bir fakt olaraq yazıram. Qiymət vermək istəmirəm. Kobud gerçəklikdir. Rusiya’nın bizə göstərdiyi kobud gücün ən aydın örnəyi torpaqlarımızın işğal altında qalmasıdır. Işğal, bir yandan, inkişafımızı çətinləşdirən amildir, o biri yandan da, müstəqilliyimizə görə ödədiyimiz qiymətdir. Ermənistan bu qiyməti ödəmək istəmədiyinə görə, Rusiya ona Qarabağ’ı əldə saxlamaq üçün verib, amma bağışlamayıb. Qarabağ’ı (ona rəsmən sahib çıxa bilmədən) əldə saxlamaq üçün Ermənistan çox baha qiymət ödəyir – öz müstəqilliyini. Qarabağ Rusiya üçün rentadır – Azərbaycan’ın torpağını alıb, Ermənistan’ın da müstəqilliyini. Amma bu çox biçimsiz bir durumdur, bundan sonra uzun sürə bilməyəcək. Bu haqda ayrıca yazaram, burada uzatmaq istəmirəm.

İran’ın bizə təsiri Rusiya’nın təsirindən də azdır. Müsəlman (Şiə) ölkəsi olmasına baxmayaraq, İran Quzey Azərbaycan üzərində qurucu gücə sahib olmaq imkanını çoxdan itirib, geriyə qaytarmaq imkanı da yoxdur. İran Prezidentinin İslam İnqilabının qutlamalarındakı çıxışı bunu təsdiqləyir. Ölkəmizi və onun yerləşdiyi bölgəni “Şimali İran”, Qacarları isə satqın (xain) adlandırmağı aydın bir göstəricidir. Arada tarixi və etnik problemləri nəzərə alsaq, onların da üstünə Rusiya’nın son iki yüz il ərzində bizə göstərdiyi mədəni təsiri, eləcə də Qərbin indiki iqtisadi, siyasi, texnoloji təsirini gəlsək, İran’ın burada qurucu gücə sahib ola biləcəyi ehtimalı yoxmuş kimi görünür. Siyasi İslamın da perspektivi yoxdur. Bu haqda da mədəni çətinliklərlə bağlı yazmağa başladığım hissənin (bundan öncəki paylaşıma baxın) davamında ayrıca yazaram.

Beləliklə, Rusiya’yla İran’ın, qurucu güclərinin olmadıqlarını bildiklərinə görə, ölkəmizlə bağlı oynadıqları oyunda strategiyaları, faydanın artırılmasına deyil, ziyanın azaldılmasına yönəlib (“minimax” yanaşması).

Türkiyə’nin oynadığı oyunu anlamaq asan deyildir. Bir yandan, Türkiyə, Sovetlərin dağılmasından bu yana ölkəmiz üzərində mədəni təsiri durmadan artan ölkədir. Bunu da bir fakt olaraq yazıram (dəyərləndirməsiz). Burada təccüblü nəsə yoxdur – etnik və dil (o cümlədən, əlifaba) birliyinin təsiri qaçılmazdır. O biri yandan da, Türkiyə’nin son illərdə apardığı siyasətin əsasən din üzərində qurulması Azərbaycan üçün bir sıra problem yaradır. Bunu da ayrıca, mədəni çətinliklərlə bağlı yazının davamında izah etməyə çalışaram. Üstəlik, Türkiyə’nin başında olan hökumətin “neo-Osmanizm” siyasəti, onu (Türkiyə’ni), çox qəribə şəkildə Rusiya’yla, eləcə də İran’la, yaxın olmağa sürükləyir. Bu dövlətlərin üçü də keçmiş imperiyalardır. Heç birisi də imperial dünyagörüşündən nəinki qurtula bilməyib, heç əl də çəkməyib. Rusiya’nın gözündə biz “arxa bağça”, İran’ın gözünədə isə “Şimali İran”ıq. Türkiyə’nin buradakı imperial mirası Rusiya’yla İranın’ki qədər olmadığına görə və Türkiyə indiki siyasətini davam edəcəyi təqdirdə, bizim üzərimizdə “üstün əl” (upper hand) Türkiyə’də ola (qala) bilməyəcək.

Beləliklə, Türkiyə, ölkəmizdə fayda artımına yönəlik strategiya (“maximin”) üzərində oynamaq üçün bütün fürsətləri ola-ola, onlardan yararlana bilmir, diqqətini başqa bölgələrə yönəldir, oralarda da öz maraqlarını, bizim üçün heç bir faydası olmayan bir şəkildə, Rusiya və İran’la birlikdə axtarmağa çalışır. Bundan öncəki yazılarımda olduğu kimi, burada yenə təkrar etmək istəyirəm – Rusiya, Türkiyə və İran arasında ziddiyyətlərin çoxluğu Azərbaycan’ın yararınadır. Bu üç dövlətin yaxınlaşması bizim üçün əlavə problemlər yaradır.

Qərb (özəlliklə, ABŞ) bölgəmizdə və ölkəmizdə nisbətən yeni oyunçudur. Daha doğrusu, birbaşa oynamağa girişmiş yeni oyunçudur. Ona qədər başqaların vasitəsilə oynayıb. Qərbin elmi, texnoloji, iqtisadi, siyasi, hərbi üstünlükləri aydındır. Onlardan doğan mədəni təsir haqqında da ayrıca yazaram (mədəni çətinliklər haqqında yazının davamında). Qərb bütün əsas göstəricilərinə görə ən güclü oyunçudur, amma onun da öz zəif yeri vardır. Qərb uzaqdadır. Geopolitik yanaşmalarda coğrafi yaxınlıq önəmli amildir. Qərbin əli çox şeyə çatmır, riskləri böyükdür. Maraqlıdır ki, məhz elə buna görə, Qərb bizim üçün cəlbedicidir. Geopolitik qarşıdurmalarda qızıl qayda var – yaxın qonşuların səndən güclüdürsə, onlardan daha güclü və uzaq müttəfiq axtarmalısan. Odur ki, hər şey bir yana, Qərbin güclü və uzaq olduğuna görə, ona doğru getməliyik. Bunu da, kobud gerçəklik olaraq, dəyərləndirməsiz yazıram.

Azərbaycan bölgəmizin açar ölkəsidir. Ötən dəfə Pol Qobl’un (Paul Goble) sözlərini paylaşmışdım: “Gürcüstan – yol, Ermənistan – alət, Azərbaycan nemətdir”. Gözəl məcazdır. Həm də çox aydındır. Azərbaycan’ın nemət olduğunu böyük oyunçuların hamısı yaxşı anlayır. Ona görə də heç birisi Azərbaycan üzərindən birbaşa oynamır. Azərbaycan’da itirəcəkləri çoxdur. Bu, öz nəvbəsində, Azərbaycan’la bağlı oyunda “minimax” (ziyanın azaldılması) strategiyasını şərtləndirir. Indiki durumda Azərbaycan’la bağlı heç kəs “maximin” (faydanın artırılması) strategiyasına uyğun oynaya bilmir. Bunun Azərbaycan üçün faydası da var, ziyanı da. Faydası ondadır ki, böyük güclər, bir-birilə açıq toqquşmadan çəkindiklərinə görə, Azərbaycan’ı nisbətən rahat buraxırlar. Ziyanı ondadır ki, belə bir durum ölkəmizi bir sıra göstəricilərə görə inkişafda geriyə atır. Bunu da mədəni çətinliklərlə bağlı yazımın davamında izah etməyə çalışaram.

İndiki durumda Azərbaycan uğrunda qarşıdurma ölkəmizin özündən daha çox, onun yan-yörəsində – Quzey Qafqaz’da, Gürcüstan’da, Ermənistan’da – gedir.

Quzey Qafqaz Rusiya’nın rəsmi ərazisidir, amma Rusiya orada nəzarəti itirə bilər. Belə bir gedişat bizim üçün arzuolunmaz olsa da, onun heç zaman baş verməyəcəyini güman etmək təhlükəli sadəlövhlük olardı. Odur ki, bizə Quzey Qafqaz’da güvənə biləcəyimiz, özümüzdən asılı duruma sala biləcəyimiz müttəfiq gərəkdir. Belə bir müttəfiq var – Çeçenistan. Dudayev’dən bu yana, Çeçenistan’ın bütün rəhbərləri Azərbaycan’a gəlib-gedib, Azərbaycan’dan yardım istəyib. Elçibəy’dən başlayaraq, Azərbaycan’ın bütün prezidentləri Çeçenistan’a yardım edib. Çeçenlər Quzey Qafqaz’da mütəşəkkil hərbi gücdürlər. Quzey Qafqaz’da ara qarışarsa, Çeçenlərin bizimlə yandaş olmaları ölkəmizin strateji marağındadır. Bu yaxınlarda Rusiya’da bizimkilərlə Çeçenlərin arasında baş vermiş davanın təxribatın nəticəsi olduğuyla bağlı güman ağlabatandır. Çeçenlərlə aramızı vurmaq kimin marağında ola bilər? Arada daha böyük oyun yoxdursa, Çeçenlərlə bizim aramızı vurmaq istəyə bilən iki dövlət ola bilər – Ermənistan və Rusiya.

Ermənistan’ın özünə də Rusiya nəzarət edir. Ermənistan vasitəsilə Rusiya bizə də qismən nəzarət edə bilir – torpaqlarımızı işğal altında saxlamaqla. Ermənistan’ın Rusiya’nın əlində olması, orada Qərbin imkanlarını xeyli məhdudlaşdırır. Qərb də, öz növbəsində, Gürcüstan üzərindən oyun qurur. Ermənistan’a Rusiya’nın , Gürcüstan’a da Qərbin nəzarət etməsi bölgəmizdə kövrək bir balans yaradır. Azərbaycan uğrunda birbaşa və açıq oyuna hələki kimsə girişmir. Azərbaycan da gözləyir, tələsən yeri yoxdur. Qərb Ermənistan’ı, ya da Rusiya Gürcüstan’ı ələ ala bilsə, Azərbaycan üçün hər şey aydın olacaq. Azərbaycan, Gürcüstan’a hər cür dəstək verməklə, xarici siyasət yönünü göstərir. Qərb də, Rusiya da, Azərbaycan’ın nemət olduğunu bilir. Bu nemətə gedən yol (Gürcüstan) Qərbin əlindədir, həmin neməti ələ keçirmək üçün lazım olan alət (Ermənistan) isə – Rusiya’nın.

 

Joseph Valachi və Əli İnsanov

İtaliyan mafiyasını hər kəs bilir və ABŞ-dakı fəaliyyətlərindən az-çox xəbərdardır. Bir çox gözəl hollivud filmlərinə də mövzu olub. XX əsrdə mafiya cinayətləri nə qədər artmış olmasına baxmayaraq, mafiyanın daxili mexanizmləri xalq və hüquq-mühafizə orqanlarına qaranlıq idi. Çünki, bu mexanizmlərdən bəhs edən insanın yaşama şansı yox idi. Bu sirrli aləm- Ailə həyatı 1963-cü il Joseph Valachi etiraflarına qədər sirrli qalmaqda davam edirdi. J. Valachi mafiyanın üzvü -soldato idi və 1959-cu  ildə həbs olunaraq 15 ilə məhkum edilmişdi. 1963-cü ildə Valachi AİLƏ haqqında çox məsələləri açıb-ağardır və bununla bağlı senat dinləmələri də həyata keçirilir. Beləliklə də Ailənin mexanizmləri hər kəsə aydın olur. Valachi ailəyə xəyanət etmişdi və cəzasını çəkərkən də 1971-ci ildə ürəktutmasından öldü. Zatən sağ qalması möcüzə idi.

Bəs Əli İnsanovla Valachi arasındakı bənzərlik nədir?

Əli İnsanov 1993-cü ildən 2005-ci ilə qədər Səhiyyə naziri olub. Həmin dövrdə ən imkanlı məmurlardan biri idi və onun bu qədər güclənməsi ambisiyalarını da yüksəltmişdi. Görünür ki, bu da onu hədəfə çevirdi və o zamandan bu yazının qələmə alındığı zamana qədər hələ də həbsdə qalmaqda davamedir və nə qədər qalacağı da müəmmadır. Əli İnsanov  həbsdə üzvü olduğu hakimiyyətin fəaliyyətinin bir çox tərəfini ifşa edib, pafosla desək sınmayıb, azadlıq dilənməyib. Lakin bu yazını yazmaq səbəbim bunlar deyil.

İntiqam Əliyev “O kişini buraxın” adlı yazısında Əli İnsanovun azadlığa buraxılmasının vacibliyindən yazdı. Bir hüquq müdafiəçisi üçün bu normal və hətta vacibdir. Lakin İntiqam müəllim həmin yazıda razılaşmadığım, təəssüfləndiyim bir neçə fikir irəli sürüb.

Yazının linki ( https://d9mc3ts4czbpr.cloudfront.net/az/site/politics/25627/ )

Həmin yazıdan sitat gətirirəm:

Ə.İnsanov sıradan sabiqlərdən də deyil. Söhbət həm hakimiyyət içərisində, həm də hakimiyyətin əsas sosial dayaqlarından sayılan kəsim arasında (hər halda, son dövrlərə qədər belə olduğu qənaətindəyəm) yetərincə nüfuzu və dayağı qalmaqda olan birisindən gedir. Onun azadlığa çıxması (özü də, az qala, qəhrəman kimi!) hakimiyyətin onsuz da laxlamaqda olan sosial bazasını parçalayıb zəiflədə bilər. Üstəlik, Ə.İnsanov müxalifəti də aralıq dövr üçün birləşdirən fiqura çevrilə bilər. Hakimiyyət bütün bunları hesaba almamış deyil. 

Öncəliklə, Əli İnsanov bu sistemin bir parçasıdır, parçası olub və həmin düşüncənin üzvlərindən biridir. Belə biri elə İntiqam müəllimin müdafiə etdiyi dəyərlərə zidd adamdır və heç bir vaxt müxalif kəsimi birləşdirə biləcək bir fiqur ola bilməz.

İntiqam müəllim sual edir: Əli İnsanov siyasi məhbusdurmu? Özü də cavab verir.

Ola bilər, sabiq nazirin birinci məhkumluğu ilə bağlı onun siyasi məhbusluğu şübhə, mübahisə doğursun. Bu sistemlərdə korrupsiyaya bulaşmamış nazir (təkcə nazir yox!) olmur (onun həbsini sifariş verən və icra edənlərin özlərinin nə qədər təmiz olmaları sualını kənara qoysaq). Amma ikinci cinayət işi onu heç bir mübahisə və şübhə yeri qoymadan siyasi məhbus edir.

Hörmətli müəllimlər, dostlar Əli İnsanov nə siyasi, nə də vicdan məhbusu deyil. Çünki o, bunların heç biri uğrunda mübarizə aparmayıb, sistemdən nə siyasi dəyişiklik tələb edib, nə də bunu arzu edib. O, sistemin oyun qaydaları ilə oynayıb hər zaman. Bunu da bilərək, istəyərək edib. Hətta arzusu daha böyük olduğu üçün (ehtimal edirəm) cəzalandırılıb. Günahsız yatan hər kəsi siyasi məhbus elan etmək olmaz.

Sayqılarımla

 

Avropada Təşkilatlar

Avropa XX əsri təlatümlərlə qarşıladı. Həmin əsrdə Avropa iki dünya müharibəsi, soyuq müharibə, ideologiyalar qarşıdurması ilə məşğul olmalı oldu. Birinci Dünya Müharibəsi artıq çürümüş olan imperiyaları tarixin arxivinə atdı. Sosializm, faşizm və onların kiçik uzantıları Avropada yeni qarşıdurma ocaqları yaratdı. Birinci Dünya müharibəsindən nəticə çıxaran azsaylı siyasi və ictimai şəxslər qarşıdurmanın qarşının alınması üçün Avropanın inteqrasiyasına əsaslanan plan işləyib hazırladılar. Lakin artıq gec idi.
Avropa tarixinin gördüyü ən böyük insan fəlakəti ilə üzləşməli oldu. İkinci dünya müharibəsində milyonlarla insanın ölümü, yəhudi soyqırımı kimi insanlıq üçün qara ləkə olan hadisələr gələcəkdə bir daha yaşanılmaması üçün avropa insanını hərəkətə keçirtdi. İkinci dünya müharibəsi Avropanın iqtisadiyyatını çökdürdü, insan hüquqlarını prioritet məsələyə çevirdi.
Avropa ABŞ-ın yardımı ilə iqtisadiyyatını bərpa etməyə başladı. Marşall planı çərçivəsində planın həyata keçirilməsi üçün  bir sıra vacib təşkilatlar yaradıldı. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı maliyyələşdirmənin həyata keçirilməsində əsas icraçı rolunu oynayırdı ki, bu da 50-ci illərdə inteqrasiyaya gətirib çıxardı.
Bu gün Azərbaycanın da 2001-ci ildən üzv olduğu Avropa Şurası 1949-cu ildə yaradıldı. Təşkilatın yaradılmasında məqsəd insan hüquqlarının, demokratiyanın təşviq edilməsi və qorunması idi. Avropa Şurasının bu sahədə ən effektiv əməli fəaliyyəti ümumdünya insan hüquqları bəyannaməsini qəbul etməsi və Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) yaratması oldu. Azərbaycan Şuraya daxil olmaq üçün bir sıra öhdəliklər üzərinə götürdü və bunun çərçivəsində hər kəsin bildyi ölüm hökmünün ləğvi, Ombudsman aparatının yaradılması kimi ilkin islahatlar həyata keçirdi. Təşkilat sırf insan hüquqlarının qorunması, təşviq edilməsi sahəsində ixtisaslaşıb.
XX əsrin 50-ci illərində Avropanın 2 böyük və rəqib dövlətinin (Fransa və Almaniya) liderliyi altında Avropada inteqrasiya təşkilatı formalaşmağa başladı. Bu proses bu gün Avropa Birliyi kimi tanınan, üzv ölkələrin vahid bazar yaratmaq məqsədini əks etdirən dövlətlərüstü (supranational) təşkialatın yaranması ilə nəticələndi. Avropa Birliyi ümumi pul vahidi olan, insanların və malların sərbəst hərəkətinin təmin olunduğu, konstitusiyası, ümumi xarici siyasəti olan Dövlət olmaq yolunda irəliləyir və bu prosesdə maneələrlə də qarşılaşır.
Təhlükəsizlik sahəsində 1949-cu ildə yaradılmış NATO çərçivəsində birləşən Avropa Ölkələri öz ordusunu yaratmaq üçün də cəhdlər edir.
Yuxarıda adını çəkdiyim təşkilatlar İkinci Dünya müharibəsindən sonra başlamış Soyuq Müharibənin doğurduğu nəticələr idi. Eyni zamanda sosialist ölkələrinin də iqtisadi və hərbi əməkdaşlığını təmin edən Qarşılıqlı İqtisadi Yardım Şurası və Varşava Müqaviləsi təşkilatı (ən azından görüntüdə belə idi, baxmayaraq ki, SSRİ burada əsas qərarverici dövlət idi) yaradıldı.
XX əsrin 70-ci illərində münasibətlərdə mülayimləşmə baş verdi. Hər iki düşərgəyə daxil olan tərəflər bir-birinin suverenliyini tanımağı, ərazi bütövlüyünə və dövlət quruluşuna hörmət etməyi qəbul etdilər. 1973-75-ci illərdə davam edən prosesin yekununda Helsinki yekun aktını qəbul etdilər və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsini (1994-cü il qərarı ilə ATƏT) təşkil etdilər. ATƏT Avropada münaqişələrlə məşğul olan təşkilat olsa da daha sonra fəaliyyət arealı daha da genişləndirildi. Qarabağ münaqişəsi ilə də məhz ATƏT məşğul olur.
Bunlardan başqa da Avropada ixtisaslaşmış təşkilatlar var. Lakin bilmək lazımdır ki, hər bir təşkilat fərqli məsələlərlə məşğul olur. Ona görə də bu təşkilatlarla manipuliyasiya edilməməsi üçün təşkilatların fəaliyyət sferasını bilmək lazımdır.

 

 

 

Dəyişim

2008-ci il Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərdə Obamanı hakimiyyətə gətirən sehirli kəlimə CHANGE-DƏYİŞİM idi.

Dünya tarixi boyunca XV əsrə qədər xalqların siyasi, ictimai, sosial həyatı çox az və yavaş tempdə dəyişib. Dünyada tikilmiş ən hündür bina XIX əsrə qədər Xeopsun ehramı idi. İnsanların həyatındakı dəyişiklik isə daha ləng, hətta yaşayan insanların heç birinin həyatında hiss edilməyəcək qədər sabit inkişaf gedirdi. Son 500 ildə isə saysız-hesabsız inqilablar baş verdi.

İnqilab ictimai, siyasi, iqtisadi həyatda təlatümlərlə baş vermiş qəfil dəyişikliklərdi. 

Bəs necə oldu ki, minillərlə nisbi sabit qalan  cəmiyyətlər qəfildən belə surətlə dəyişməyə başladı? Ümumiyyətlə dəyişimin əsası nədir? Müxtəlif sosial dalğalanmaların özünəxas səbəbi olsa da onların ümumi cəhətləri onları ümumiləşdirməyə imkan verir. Mənim burada inqilab nəzəriyyələrindən yazmaq fikrim yoxdur. Ancaq bir suala cavab tapmaq istəyirəm. İnqilab əgər iqtisadi vəziyyətlə bağlıdırsa, bu gün aclıqdan üzündəki milçəkləri qova bilməyəcək qədər halsız vəziyyətə düşən insanların yaşadığı Somali örnəyi var.

Əgər “siyasi vəziyyət”, “diktatura və ya mütləqiyyət rejimlərinin basqısı insanları dəyişiklik etməyə məcbur edir” arqumentini əsas götürsək Şimali Koreya, Çin, Afrika ölkələri və saysız bir çox ölkələr ümumiyyətlə demokratiya görməyib. Necə olur ki, bu ölkələrdə xalq dəyişikliyi tələb etmir?

Nə siyasi vəziyyət, nə də iqtisadi vəziyyət insanları qəfil dəyişiklik etmək həddinə gətirib çıxarmır.

İnsanların inandığı əsas dinlər yalnız onları axirətə hazırlanmağa çağırırdı. İnsanlar heç bir halda sabahkı günün bu gündən yaxşı olacağına inanmırdılar. Əksinə onlar dünənin həsrətilə yaşayır, özlərinin ikinci həyatından mədət umurdular. Hindistanda insanlar kasta sisteminin qatı zəncirləri ilə elə əhatə olunmuşdular ki, bu vəziyyətdən qurtarmaq üçün yalnız ölümdən sonraya ümid bəsləyərək reankarnasiyaya inanırdılar.

 

XV əsrdən başlayaraq Avropada elm inkişaf etməyə başlayır. Elm sabahın bu gündən daha yaxşı olacağına, bu gün bildiklərimizin əksik olduğuna inandırır. İnsan bir dəfə bu günün çatışmazlığını dərk etdimi daha artığını bilməyə, əldə etməyə çalışır.

 

Buna əsaslanaraq deyə bilərik ki, dəyişikliyin baş verməsi üçün mütləq sabaha inam lazımdır. Yəni insanlar bu günkü problemlərinin səbəbini mövcud siyasi, iqtisadi sistemdə gördükləri və sistemin dəyişəcəyi halda problemlərin həll olunacağını düşündükləri an dəyişikliyə əl atacaqlar. Bunun üçün mütləq sabaha inam lazımdır. Fransada maarifçilər bütün problemlərin kökünün mütləqiyyətdə, Rusiyada isə bolşeviklər mütləqiyyətdə və burjuada olmasına xalqı inandırdılar. Və bundan sonra insanlar o inanc uğruna ölüb-öldürdülər və sistemi dəyişdilər.

Məhz bu səbəbdən diktatorial rejimlər xalqın dəyişimə olan inamını qırmaqla psixoloji üstünlük əldə edirlər. Cəmiyyətdə sabaha olan inam, insanların bir-birinə, hətta özlərinə olan inamı alt-üst olur. Tez-tez hər bir şeyin planlaşdırılmış olması, “qaranlıq” otaqlarda bütün məsələlərin həll olması ilə bağlı fikirlərin yayılması bu qəbildəndir.  Bir çoxları istəmədən bu oyuna alət olur.  Dəyişim istəyən insanlar ilk öncə xalqın inamını qazanmalıdır.

 

Türk-müsəlman aydınlanması

1801-28-ci illərdə Rusiya Cənubi Qafqaz ərazilərini işğal etdi. Bundan əvvəl Krımı, bir az sonra isə Şimali Qafqaz və Türküstanı işğal etməklə böyük bir türk və müsəlman xalqa sahib oldu.

XIX əsrin ilk yarısı Fransa inqilabının ideyalarının Qərbdən Şərqə, mütləqiyyət ordularının isə Şərqdən Qərbə axını hadisələrinə səhnə oldu. Fransız aydınlanma fəlsəfəsi ilə silahlanmış ziyalılar artıq yeni cəbhə açmışdılar. Karl Renner yazırdı: “Avropanın inkişafında müəyyən bir səviyyəyə yetişildiyində passiv olan xalqların dünyasında əsrlərdən bəri səssiz-səssiz yetkinləşmiş olan dil və mədəni birliyi olan xalq kütlələri meydana çıxdı. Bunlar özlərinin tarixi gələcəyi olan bir güc olduqlarını anladılar. Bu dil və mədəni birliyi olan xalqlar mövcud olan ən yüksək iqtidar vasitəsi olan dövlət üzərində nəzarət qurmaq istəyir və öz müqəddəratlarını təyin etmənin yollarını araşdırırlar. Siyasi cəhətdən millət fikrinin doğum günü və bu yeni ideologiyanın doğum ili Fransız inqilabının baş verdiyi 1789-cu ildir. (Hobsbawm: Millətlər və milliyyətçilik.s.125 )

XIX əsrin ortalarından türk müsəlman aydınlarının qarşısında iki sual dururdu: ziyalılar kimdir və onların cəmiyyətin inkişafındakı rolu nədən ibarətdir? Bu sualların mövcudluğu onları Qərbin artan təsirləri və cəmiyyəti dəyişdirməsi qarşısında özlərini mübariz kimi görməyə səbəb oldu.  Bu kontekstdə mövcud olan təkliflərin bir qismi sərhədlərin ləğvi və tarixi təcrübədəki ziddiyyətlərin aradan qaldırılması ilə panislamizm və pantürkizm əsasında etnik və dini kimlik üzərində birliyin gücləndirilməsi haqqında idi. Bundan başqa bəzi cədidçilər Rusiya imperiyası tərkibində birgə yaşamaq və assimilyasiyanı dəstəklədiyi halda, digərləri- Yeni Osmanlılar və Gənc Türklər milliyyətçilik və demokratiyaya əsaslanan suverenlik və dövlətçilik ideyasını təbliğ edirdilər.

Osmanlı imperiyasında saray tərəfindən həyata keçirilən Tənzimat islahatları bir qrup intellektuallar tərəfindən tənqid edilirdi. Yeni Osmanlılar adlanan həmin qrup islahatların ləng yerinə yetirildiyini göstərməklə yanaşı vətən, vətənpərvərlik və milliyyət anlayışlarını müzakirəyə açdılar və nümayəndəli institutlar tələb etməyə başladılar.

Rusiya məktəblərində təhsil alan müsəlman intellektuallar isə üsul-i cədid (yeni üsul) məktəbləri haqda istəklərini dilə gətirdilər. Bu dövrdə Azərbaycanda təhsil mədrəsə təhsilindən və Rusiyanın açdığı rus məktəblərindən ibarət idi. Cədidistlər üsul-i cədid məktəbləri vasitəsilə müsəlman və rus xalqı arasındakı fərqləri aradan götürməyə çalışırdılar. Cədidistlər təhsil və dilin sadələşdirilməsini hədəfləyir, qadın azadlığı, sivil cəmiyyətin inkişafını, həmçinin Rusiya hakimiyyət orqanları və xalqı ilə müsəlman xalqının əməkdaşlığının formalaşdırılmasını dəstəkləyirdilər. Beləliklə, cədidistlər Rusiya müstəmləkəçiliyinə islahatlar yolu ilə mədəni modellər və sosial əlaqələr üzərində kontrola cəhd etməklə cavab verdilər.

Köhnəlik və yenilik arasında körpü rolunu oynayan ilk ziyalı Abbasqulu Ağa Bakıxanov, ilk üsul-i cədid məktəbi açan və türk dilində ilk dərs kitabı yazan ziyalı isə Mirzə Şəfi Vazeh idi. M.Ş.Vazeh yeni nəsil cədidistlərə bütün müsəlmanlara kütləvi və sekulyar təhsil tələb etməklə ciddi təsir etmişdi. M.Ş. Vazehin tələbəsi olmuş Mirzə Fətəli Axundov İslam Şərqinin geriliyini mütərəqqi olmayan dini təhsildə görürdü. Axundov təhsilin inkişafı üçün əlifba islahatının vacibliyi haqqında İran şahına, daha sonra isə Osmanlı sultanına fikrini bildirmiş, lakin rədd cavabı almışdı.

Türk ziyalıları arasında əsas mübahisəli məsələlərdən biri İslam dini idi. Yeni osmanlılar islah olunmuş, proqressiv, modernist İslamı dəstəkləyir və dini Osmanlı imperiyasının və müsəlmanların gücünün bərpa olunması üçün vasitə hesab edirdilər. Əksinə olaraq cədidistlər isə Rusiya müsəlmanları və xristianların bərabər yaşaması üçün dinin təsirini azaltmağı tələb edirdilər. Beləliklə din üzərində müzakirələr başladı. M.F.Axundov və Həsən bəy Zərdabi kimi bir sıra cədidistlər qeyri-rəsmi dini xurafat kimi rədd edir və rəsmi dinin təşkilati təsirlərini azaltmağa cəhd edirdilər. Seyid Əzim Şirvani və İsmayıl bəy Qaspıralı isə dini gücün mənbəyi və Rusiya imperiyası daxilində müsəlmanların birləşməsinin türk birliyinin yaradılmasına xidmət etdiyini vurğulayırdılar.

Cədidistlər arasında Birlik məsələsində də fərqlər var idi. Azərbaycan cədidistlərinin əksinə olaraq Qazax cədidistləri (Kerderi, Bukeyxanov) yalnız öz regionları uğrunda mübarizə aparır, çarizmin miqrasiya siyasətinin onların mədəni və etnik kimliklərinə təsirindən ehtiyat edirdilər.

Azərbaycan ziyalılarına görə ümumi kimlik yaratmağın yolu təhsildən keçirdi. Onlardan Həsən bəy Məlikzadə (Zərdabi) cəmiyyəti ümumi mədəniyyət ətrafında birləşdirəcək “milli ziyalılar” təbəqəsini yaratmaq üçün  “milli məktəb” yaradılmasını vacib hesab edirdi. Öz məqsədlərinə çatmaq üçün Zərdabi Rusiya imperiyası ərazisində ilk dəfə türk dilində qəzet- əkinçi qəzetini nəşr etməyə başladı. Bu qəzet vasitəsilə o, türklər arasında birlik, həmçinin şəxsi həyatın bütün aspektlərində azadlıq təbliğ edirdi. İlk türkcə qəzetdən başqa Zərdabi ilk teatrın və həyat yoldaşı Hənifə xanım və H.Z. Tağıyevlə birlikdə Bakıda ilk qız məktəbi açılmasına nail oldu.

Zərdabinin nəşr fəaliyyəti yeni nəşrlərin meydana gəlməsi üçün stimul oldu. Krımda İsmayıl bəy Qaspıralının 1883-cü ildə çıxardığı “Tərcüman” qəzeti “müsəlmanların qeyri-rəsmi səsi” oldu. Yazılarında o, cədidistlərin siyasi və sosial institutların islahatı haqda arqumentlərini toplayaraq Rusiya müsəlmanlarının birliyinə çağırırdı. Pantürkizm və panislamizm ideyalarını sintez edərək Rusiya müsəlmanları birliyinin yeni sərhədlərini təklif etdi. Gaspıralı bunu “dildə, fikirdə, əməldə birlik” sloqanında ifadə etdi. Bu trilogiya Cədidistlərin ideyalarına uyğun olaraq keçmişin ənənəvi biliklərini və islami doktrinanı qərb bilik və metodologiyası ilə sintez yolu ilə əldə edilən sekulyar təhsili nəzərdə tuturdu.

İsmayıl bəy Rusiya imperiyası və Osmanlı intellektuallarına təsir etmiş və onlardan təsirlənmiş və bir çox ideyaları birləşdirmiş bir fikir adamı idi. Onun panlsavizm hərəkatı barədə biliyi dostu İvan Katkovdan gəlirdisə, qəzeti “Tərcüman” Osmanlıda Şinasinin “Tərcüman-i Əhval” qəzetindən təsirlənmişdir. Gaspıralının panislamizm üzərinə ideyalarında Qərbə qarşı müsəlman birliyinin yaradılması fikrini təbliğ edən C.Əfqaninin izlərini görmək olar.

Gaspıralı və Zərdabi müasirlərinə və sonrakı nəslə islahatçı kursa yeni perspektivlər gətirməklə ciddi təsir etmişlər. Əbdülhəmid dövründə Osmanlı, xüsusilə də Rusiya ilə müharibə, Tunis və Misirin itirilməsindən sonra Qərbə qarşı panislamizm ideologiyasına sarılsa da, XIX əsrin 90-cı illərindən meydana çıxan Gənc Türklər pantürkizm ideologiyasını mənimsədilər. İttihad və Tərəqqi partiyasının qurulmasında da iştirak edən Azərbaycanlı fikir adamı Əli bəy Hüseynzadə panislamizm və pantürkizm ideyalarını qərb perspektivindən dəyərləndirərək, bunu “türkləşmək, islamlaşmaq və avropalaşmaq” kimi ifadə etmiş, bu fikir böyük türk sosioloqu Ziya Göyalp tərəfindən “türkləşmək, islamlaşmaq və müasirləşmək “ kimi səsləndirilmişdir.

Beləliklə XIX əsrin fikir cərəyanları içərisində Cədidilik hərəkatı Rusiya imperiyası və Osmanlı imperiyasındə millətçilik ideyalarını inkişaf etdirmiş, Cədidilik sayəsində bu xalqlar dünyəvi elmlərlə tanış olmuşdur. Qadınların hüquq bərabərliyi inkişafın nəticəsi olaraq görülməmiş, cəmiyyətin inkişafına səbəb olan amil kimi qiymətləndirilmişdir. Milli respublikalar qurulması hərəkatın məntiqi nəticəsi idi.

 

%d bloggers like this: