ReAL-ın gələcəyi

09.02.2020-ci il tarixli Parlament seçkiləri başa çatdı. Post-Seçki dövrü göstərdi ki, seçkidə iştirak doğru addım idi. Bu seçkidə azsaylı siyasi aktiv insanın seçkidə iştirakı və mübarizəsi əsasən ReAl partiyasının və seçkidə namizəd olan siyasi fəalların fəaliyyətinin nəticəsi idi. Seçki özlüyündə bir çox suala cavab verdi ki, bunlardan bəzilərini burada qeyd etməyə çalışacam.

  1. Öncəliklə bu seçkilər Azərbaycanın siyasi həyatının tamamilə bitdiyini göstərdi. Yəni, artıq ortada YAP da daxil olmaqla heç bir siyasi təşkilat yoxdur.  Bunun obyektiv və subyektiv səbəbi var ki, bunu aşağı-yuxarı hər kəs bilir. Bu həm siyasi hakimiyyətin düşünülmüş, ardıcıl və planlı siyasətinin nəticəsidir, həm də müxalif siyasi təşkilatların və liderlərin özündən qaynaqlanan səbəblər olaraq göstərmək olar. Müsavat tam gücsüz təşkilata çevrilib, Cəbhə intihar edib, ReAl da özünü yeyib-bitirib.
  2.  Siyasi hakimiyyətin heç bir halda islahata və ya Türkiyədən borc götürdüyümüz  kimi “demokratik açılım”a getməyəcəyini gördük. Bütün atılan addımlar sadəcə hakimiyyətin ömrünü uzatmağa yönəlib.
  3. Xalqın bütün siyasi təşkilatlara ümidi sıfıra düşüb. Fərd olaraq ictimai fəallara daha çox etibar edilir, nəinki siyasi partiyalara.
  4. Sosial şəbəkələr hər nə qədər əsas informasiya təminatçısı olsa da, ənənəvi media hələ də sosial mühəndislikdə əsas rol oynayır.
  5. Çox danışılan “məhkəmə islahatları”nın da əslində bir imitasiya olduğunu və məhkəmənin siyasi hakimiyyətin əlavəsindən başqa bir şey olmadığını gördük.

Təxminən 10 il öncə yaranmış ReAl hərəkatı ümid vəd edən bir təşkilat idi. Lakin necə oldu ki, bu vəziyyətə gəlib çatdı? Bu geniş cavab tələb edən sualdır. Ancaq qısa cavab vermək istəyirəm. ReAl-ın gücü vizyonu ilə ümid verməsi və fərqliliyi idi. Bu kənardan görünən hissəsidir. Daxildə isə kollektiv qərarvermə mexanizmlərinin mövcud olması ReAlı güclü edirdi. Zəifləməsinin səbəbini bu göstəricilərdən yola çıxaraq axtarmaq lazımdır. İlqar Məmmədovun təşkilat daxilində avtoritetinin yüksək olması və nüfuzdan konstruktiv deyil, dekonstruktiv yönümdə istifadə etməsi daxildə təşkiatı zəiflətdi. Müstəqillik tarixi boyunca müxalif təşkilatları didişdikləri bataqlığa sürükləmək təcrübəsini ReAla da tətbiq etmək mümkün oldu. Bu da ReAl üçün intihar demək idi.

ReAl son olaraq Adminstrasiya ilə siyasi dialoq şousuna da cəlb edildi. Bilirik (və ya bilməliyik) ki, bu cür “dialoqlar” daxili siyasi məqsədlərlə keçirilmir, beynəlxalq aləm üçün tamaşadır. Və bilmirəm təsadüfdürmü, bu tamaşanı çəkmək üçün Dram Teatrın (özü də Rus Dram Teatrı) ex-direktoru səlahiyyətləndirilmişdi.

Hərdən bu cür “siyasi dialoq” adlı tamaşalar, monoloq və dialoqlarla rastlaşırıq. Niyə hələ də bu cür oyunlarla bizi aldatmaq mümkün olur? Əminəm ki, bu QÇS (Qazanılmış Çarəsizlik Sindromu)-dir. Bizi özümüz artıq aldanmağa meyilliyik.

Bundan sonra nə etmək olar? Fikirləşmək lazımdır…

Posted on March 2, 2020, in Siyasət. Bookmark the permalink. Leave a comment.

Leave a comment